“Sakit Okean-2012” sərgisində son model patrul freqatları sərgilənəcək

Huntington Ingalls Industries (HII) şirkəti Sidney şəhərində keçiriləcək “Sakit Okean-2012” beynəlxalq hərbi dəniz sərgisində son model olan iki patrul freqatını ilk dəfə nümayiş etdirəcək. “AzeriDefence” saytının bildirdiyinə görə, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib.

Patrul freqatları NSC (National Security Cutter) proqramı üzrə ABŞ-ın Sahil Mühafizəsi üçün tikilərək tamamlanıb. Şirkət gəmilərin iki variantda təklif edir: layihə 4501 və layihə 4921.

4501 layihəli patrul freqatı NSC-ın baza versiyasından kiçik fərqlərə malikdir. Onun uzunluğu 127,5 metrə, eni 16,5 metrə, tam su basımı 4600 tona bərabərdir. Gəminin üzmə uzaqlığı 12000 milə, sürəti isə saatda 28 uzla çatır. Bu freqat dənizdə 60 gün qala bilir. 148 heyət üçün nəzərdə tutulmuş gəmi xilasetmə katerləri və helikopterlərin enib-qalxması üçün meydançaya malikdir. Kəşfiyyat, informasiya və analiz sistemi ilə təchiz ediləcək freqatın silahlanmasına 57 mm-lik avtomatik top, yaxın məsafədəki hədəflərə qarşı 20 mm-lik zenit-artilleriya kompleksi və 6 ədəd 12.7 mm-lik pulemyot daxildir.

4921 layüihəli patrul freqatı isə daha inkişaf etdirilmiş döyüş imkanlarına malik olacaq. Gəmi hava hücumuna qarşı, qayığa qarşı və gəmi əleyhinə idarə olunan silah sistemləri, 76 mm-lik topa, raketlər üçün 12 ədəd vertikal buraxılış qurğusu, torpeda aparatları və hidroakustik kompleks, həmçinin 12,7 mm-lik pulemyotla təchiz ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş