“Samur” sərhəd zastavası kompleksi istifadəyə verilib

Dekabrın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yeni inşa olunan “Samur” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

“AzeriDefence”nin məlumatına görə, yeni istifadəyə verilən sərhəd zastavası kompleksinin açılış mərasimində Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, “Azərsun Holdinq”in idarə heyətinin sədri Abdulbari Gözəl, Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin nümayəndələri, hərbi hissənin şəxsi heyəti və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə bildirilib ki, “Samur” sərhəd zastavası kompleksində şəxsi heyətin yüksək səviyyəli xidməti və istirahəti üçün hər cür şərait yaradılıb. Buraya əsgərlər üçün lazımi məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, kinozal, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, təlim meydançası, idman zalı və digər tikililər daxildir. Yeni sərhəd zastavası kompleksi “Azərsun Holdinq” tərəfindən qısa müddətdə yüksək keyfiyyətlə tikilib.

Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev mərasimdə çıxış edərək Azərbaycanın dövlət sərhədlərinin mühafizəsindən, Dövlət Sərhəd Xidmətində gedən dinamik inkişafdan, əldə olunmuş uğurlardan danışıb. Komandan bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli sərhəd siyasəti bu gün prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində ölkəmizin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi prosesi müvəffəqiyyətlə həyata keçirilir. Müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi ilə sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılır.

General-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün Ali Baş Komandanın göstərişlərini icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu qeyd edib.

Tədbirdə sərhədçi-vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Azərbaycanın hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumxalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qaşılandığı xüsusi vurğulanıb.

Mərasimdə xidmət zamanı fərqlənən sərhədçilər mükafatlandırılıblar.

Açılış mərasimindən sonra tədbir iştirakçıları “Samur” sərhəd zastavası kompleksinə baxış keçirib, burada sərhədçilər üçün yaradılan yüksək səviyyəli xidməti şəraitlə yaxından tanış olublar.

14505200982556322584_1000x669

14505200986334547832_1000x669

Fotolar AzərTAC-ındır

KATEQORIYA:
Bu xəbəri paylaş