“Sarılmaz” və İJ tüfənglərinə Azərbaycanda maraq azalıb


Azərbaycanın ov silahları bazarında hansı tüfənglərə maraq artıb?
Son iki ildə Azərbaycanın ov silahları bazarında Türkiyənin “Ata Arms” şirkətinin istehsalı olan ov tüfənglərinə maraq artıb.

Bu barədə “AzeriDefence”nin Bakıda fəaliyyət göstərən ovçu mağazalarında apardığı monitorinq zamanı məlum olub.

Ov silahlarının satışı ilə məşğul olan mütəxəssislərin sözlərinə görə, “Ata Arms”ın ov tüfəngləri həm keyfiyyəti, həm baxımının sadəliyi, həm də effekti ilə bazardakı xarici analoqlarını üstələyir. Bu tüfənglərdə tətbiq olunan yeni lülə texnologiyası qırmanın atış zamanı effektiv yayılmasını təmin edir ki, bu da seçimə öz təsirini göstərir.

Ov silahları arasında Türkiyənin “Huğlu” kooperativinin tüfəngləri də çox populyardır. Qiymətinin əlçatanlığı və brendin tanınması öz sözünü deyir.

Türkiyə istehsalı olan ov tüfənglərinin qiymətinin çox baha olmaması bazarda bu ölkədən gətirilən ov silahları və sursatların çox olmasına öz təsirini göstərib.

“Avropa markaları qiymətinin baha olmasına görə o qədər də çox satılmır. “Winchester”, “Benelli”, “Franchi” kimi markalar yalnız VİP səviyyədə alınır. Rusiya istehsalı olan İJ tüfəngləri isə keyfiyyət baxımından keçmiş sovet silahlarından çox geri qalır”.

Bir vaxtlar Azərbaycan bazarında çox rastlaşılan Türkiyənin “Sarsılmaz” şirkətinin istehsalı olan ov tüfənglərinə marağın kəskin azaldığını deyən satıcıların sözlərinə görə, istifadəçilər bunu adıçəkilən markada meydana çıxan keyfiyyət problemləri ilə əlaqələndirirlər: “Bu səbəbdən istifadəçilər “Sarsılmaz” tüfənglərini digər markalarla dəyişməyə çalışırlar. “Sarsılmaz” tüfənglərinin istifadəçilərindən keyfiyyətlə bağlı daha çox şikayətlər eşidirik. Təbii ki, heç kim haqqında yalnız problem eşitdiyi silahı almaq istəməz. “Sarsılmaz” tüfəngləri satış sayına görə Türkiyənin “Ata Arms”, “Huğlu” və “Hatsan” tüfənglərindən çox geri qalır”.

KATEQORIYA:
Bu xəbəri paylaş