Savaşın taleyini dəyişən BAYRAKTAR

Savaşın taleyini dəyişən BAYRAKTAR

Sentyabr ayının 27-də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsində bir neçə silah sisteminin uğurlu tətbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan verdi. Bu yeni silah sistemlərindən ən effektivi Türkiyənin “Baykar Savunma” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SPUA) oldu.

Döyüş əməliyyatlarının gedişatında KİV-ə müsahibəsində Prezident İlham Əliyev Türkiyə istehsalı olan PUA-ların rolunu dəyərləndirərək, bu sistemərin müasir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növü olduğunu deyib: “Bu Türkiyənin həm texnoloji, həm iqtisadi, həm intellektual potensialının təzahürüdür. Əlbəttə ki, belə imkanların bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, havadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu aparatlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologiyası mükəmməldir”.

Oktyabrın 14-də “France 24” telekanalına müsahibəsində Prezident İlham Əliyev Türkiyədən əldə edilən PUA-lar vasitəsilə Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasının məhv edildiyini deyib. Hərbi əməliyyatların sonrakı günlərində də TB2 SPUA-ları ROKETSAN şirkətinin istehsalı olan MAM-L və MAM-C ağıllı sursatlarla döyüş meydanında aralarında müxtəlif zenit-raket kompleksləri də olmaqla, düşmənin 200-dən çox hərbi texnikasını, silah sistemini, çox sayda canlı qüvvəsini məhv edib.

Dekabrın 10-da Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat toplantısında Prezident İlham Əliyev “Bayraktar TB2” SPU-ların döyüşlərdə qələbənin əldə olunmasında mühüm rol oynadığını bildirib: “Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu. Bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü”.

Bayraktar TB2

ABŞ-ın ölkə daxilində və xaricindəki PKK qruplarına qarşı istifadə olunacağını əsas gətirərək, Türkiyəyə silahlı PUA ixracına qadağa qoyması TB2 PUA-nın yaradılmasında mühüm rol oynayıb.

Kəşfiyyat və zərbə missiyaları üçün hazırlanmış “Bayraktar”ın “Blok A” adlandırılmış birinci prototipinin istehsalına 2007-ci ildə başlanıb və PUA ilk uçuşunu 2009-cu ilin iyununda həyata keçirib. “Blok B” (TB2) prototipinin hazırlanması və seriyalı istehsalını əhatə edən ikinci mərhələ 2012-ci ilin yanvarında başlayıb. 2014-cü ilin aprelində ilk uçuşunu tamamlayan PUA-nın qəbul testləri 2014-cü ilin noyabrında keçirilib və 6 ədəd PUA Türkiyənin Quru Qoşunlarına təhvil verilib.

Havada 24 saat qala bilən PUA-nın uşuş hündürlüyü 7300 metr, sürəti 70 düyün, radiolinklə idarəetmə məsafəsi 150 km təşkil edir. 100 at gücündə “Rotax 912” mühərriki ilə təchiz olunmuş, avtomatlaşdırılmış uçuş idarəetmə və 3 ehtiyat avtopilot sisteminə malik “Bayraktar TB2” GPS-ə bağlı olmadan tapşırıqları yerinə yetirməyə imkan verən yer səthini tanıma proqramına sahibdir. Maksimum çəkisi 630 kq təşkil edən pilotsuz uçuş aparatı Kanada istehsalı olan “Wescam MX-15D” elektro-optik komplekslə təchiz olunub. Hazırda Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı və Təhlükəsizlik Təşkilatının istifadəsində ümumilikdə 110-dan çox TB2 mövcuddur.

“Baykar Savunma” şirkəti tərəfindən hazırlanmış TB2 taktik SPUA sistemi istifadəçiyə bütün həlləri bir arada təqdim edən kompleks şəbəkə əsaslı sistem arxitekturasıdır. Sistem TB-2 SPUA platforması, Yer Nəzarət Stansiyası, Yer Ötürmə Terminalı, Uzaq Görüntü Terminalı, Baza və Yedəklənən Generator modullarından ibarətdir.

Orta hündürlük – uzun müddət havada qalan (MALE) PUA sinfinə aid edilən TB2 tamamilə avtonom hərəkət, qalxma və enmə, normal uçuş qabiliyyətinə sahibdir. TB2 Türkiyənin aviasiya tarixində havada qalma (27 saat 3 dəqiqə) və hündürlük (8238 m) rekorduna imza atan ilk PUA hesab olunur.

Bayraktar TB2 SPU-nın əsas texniki göstəricilərini aşağıdakı kimi qruplaşdırmaq olar:

  • 18000 fut (5486 metr) əməliyyat tavanı;
  • 27000 fut (8229 m) maksimum yüksəklik;
  • 27 saat maksimum uçuş müddəti;
  • Tam avtomatlaşdırılmış uçuşa nəzarət və 3 ehtiyatlı avtopilot (Triple Redundant);
  • Yer sistemlərinə bağlı olmadan tam avtomatik enmə və qalxma xüsusiyyəti;
  • GPS-ə bağlı olmadan daxili sensorlar hesabına hərəkət xüsusiyyəti;
  • Tam avtomatlaşdırılmış uçuş və hərəkət izləmə;
  • Daxili sensor dəstəkli həssa avtomatik qalxma və enmə;
  • Tam avtomatik taksi və park xüsusiyyəti;
  • Yarı avtono uçuş rejimləri dəstəyi;
  • Xəta toleranslı və 3 dəstəkli sensor füzyonu tətbiqi;
  • Xüsusi dəstəklənən sevro akutator cihazları;
  • Litium əsaslı xüsusi ehtiyat batareyalar.

Qanad açıqlığı 12 metr təşkil edən TB2 150 kq ağırlığında faydalı yük götürmə qabiliyyətinə sahibdir. TB2-nin faydalı yükünə dəyişdirilə bilən EO/IR/LD kameralar, habelə AESA radar daxil edilə bilər. PUA-nın silahlanmasına ROKETSAN şirkətinin istehsalı olan lazer yönləndirməli 4 ədəd MAM-L (mini ağıllı sursat) və ya MAM-C raketi daxildir.

TB2 SPUA üzərindəki lazer hədəf işarələyici ilə hədəfləri dəqiq işarələyə və sursatlarla zərbə endirə bilir. Bu da TB2-lər ilə müxtəlif maneələri arxasında gizlədilmiş hədəfləri seçərək, ətraf mühitə və mülki əhaliyə zərər vermədən seçilmiş hədəfləri məhv etməyə imkan verir.

TB2 SPUA-larında tətbiq edilən Canlı Yayım Transfer Sistemi (BGAM) real vaxt rejimində görüntünün köçürülməsinə, arxivləşdirilməsinə, eyni zamanda yüksək keyfiyyətli canlı yayımları çox sayda istifadəçi tərəfindən (komanda məntəqəsi, mərkəzi komanda məntəqəsi, əməliyyat bölgəsindəki komandirin tableti üzərindən) real vaxt rejimində izlənməsini təmin edir.

Görüntü Ötürmə Mərkəzi (Görüntü Aktarma Merkezi -GAM) PUA-lardan alınan canlı görüntülərin eyni anda birdən çox istifadəçiyə kəsintisiz şəkildə ötürülməsini həyata keçirir.

GAM ilə izlənən bütün canlı yayımlar sistem tərəfindən avtomatik olaraq 30 dəqiqəlik kadrlar şəklində qeydə alınır. İstifadəçilər canlı görüntüləri izləyərkən sistem üzərində qeydlər apara, bu qeydlərə birdən çox etiket əlavə edə bilir. Sonradan bu qeydlər və etiketlər arxiv videolarında axtarışların aparılmasını asanlaşdırır. Canlı və arxiv görüntülərinin təhlükəsizliyi üçün sistem avtomatik olaraq müvəqqəti şifrələr tətbiq edir.

GAM ilə inteqrasiya olunmuş şəkildə çalışan “Quzğun” həlli isə PUA və SPUA-lardan gələn görüntüləri ərazidəki hərbi personalın mobil cihazına ötürür.

Yer Nəzarət Stansiyası

  • NATO Spek ACE-III konteyner xüsusiyyəti
  • Radiostansiyalar
  • Daxili danışıq sistemləri
  • Tənzimlənən qüllə işləmə sürəti
  • Pilotun iş yeri
  • Faydalı yük operatorunun iş yeri
  • Görüntü qiymətləndirmə bölməsi
  • Rack tipli kabinetlər
  • Güc sistemləri, filtrlər
  • Güc qaynaqları
  • Hərbi tip iki ədəd kondisioner
  • NBC filtrləmə

Mobil Yer Nəzarət Stansiyası (Mobil YNS) TB2 platformasını müvəqqəti bazalardan və təyin olunmuş yerlərdən idarə edilməsini təmin edir. Mobil YNS-in 12 metrədək yüksəldilə bilən hidravlik antenaları, avtomatik yönələn antenna sistemləri, bütün bu sistemlərə hərəkət imkanı qazandıran güclü bir nəqliyyat vasitəsindən ibarətdir. YNS-lər riskli hava əməliyyatlarında maksimum nəzarəti təmin etmək üçün dizayn olunub.

Yeni nəsil rəqəmsal kabinə, kəsintisiz rabitə hesabına istifadəçi hər cür tapşırıqlarda PUA-nı və faydalı yük cihazına effektiv şəkildə nəzarət edə bilər.

“Baykar”ın Xəritə və Naviiqasiya Modulu istifadəçiyə uçuş əməliyyatlarının planlaşdırılması, PUA-nın yer informasiyalarının göstərilməsi, yer üstünün şəkillərini göstərmə, hərbi simvollarla işarələmə və lokasiya informasiyalarını təqdim edən coğrafi informasiya sistemidir.

Sistem 3B real dünya modeli və 3B yer səthinin şəkillərini, PUA-nın yer bilgilərini 3B formatında nümayiş etdirir. İstifadəçi PUA-nın uçuş tapşırıqlarının planlaşdırılmasını, hədəf, bölgələr (dost, düşmən, qadağan olunmuş) hərbi simvollarla işarələnir. Həmçinin görüş xəttinin analizinin və toqquşmaların təsbitinin analizini aparmağa imkan verir.

İxracat və döyüş tətbiqi

“Baykar Savunma” 2018-ci ilin mart ayında imzalanmış müqavilə çərçivəsində Qətərə 6 ədəd, 2018-ci ilin yanvarında “Ukrspetsproject” müəssisəsi ilə imzalanmış müqavilə (69 milyon ABŞ dolları) çərçivəsində Ukraynaya 12 ədəd PUA və 3 yerüstü nəzarət stansiyası və 2020-ci ildə imzalanmış müqavilə çərçivəsində Azərbaycana açıqlanmayan sayda TB2 ixracını həyata keçirib.

Oktyabrın əvvəlində Türkiyəyə rəsmi nümayəndə heyəti tərkibində səfər edən “Ukrspetseksport” şirkətinin baş direktoru Vadim Nojriya mətbuata açıqlamasında TB2-lərin Ukraynada istehsalı ilə maraqlandıqlarını, Ukraynanın 48 ədəd TB2 SPUA almaq niyyətində olduğunu açıqlayıb.

Türkiyə Silahlı Qüvvələrinin 2016-cı ildən etibarən ölkənin şərq rayonlarında PKK/PYD terrorçularına, eləcə də Suriyanın şimalında PYD-yə və İŞİD-ə qarşı həyata keçirdiyi “Fərat Qalxanı”, “Zeytun Budağı” əməliyyatlarında TB2 SPUA-lar kəşfiyyat və zərbə missiyalarında istifadə olunub. Terrorçuların yaşayış məntəqələrindəki atəş nöqtələri PUA-lar vasitəsi aşkarlandıqdan sonra, idarə olunan MAM-L və MAM-C döyüş sursatları ilə vurulmuşdur.

2020-ci il fevralın 27-də İdlib şəhəri yaxınlığında Suriya və Rusiya aviasiyası tərəfindən Türkiyə Silahlı Qüvvələrinə (TSQ) edilən hücumun cavabı olaraq başladılan “Bahar Qalxanı” hərbi əməliyyatının birinci həftəsində (28 fevral-5 mart) TB2 və “Anka-S” SPUA-lar ilə

Suriya Ordusuna məxsus 151 tank, 47 helikopter, 3 təyyarə, 8 helikopter, 3 PUA və 8 hava hücumundan müdafiə sistemi məhv edilib. Döyüşlər zamanı 3 ədəd TB2 SPUA vurulmasına dair görüntülər mediada yer alıb.

“Bahar Qalxanı” əməliyyatında TB2-lərin ilk dəfə sürü halında uçuşlar edərək, hərb tarixində bir ilkə imza atmışdır.

Döyüş fəaliyyətləri zamanı PUA-lar vasitəsi ilə məhv edilən Suriya Ordusuna aid hərbi texnikalardan ikisi, bəzi məlumatlara görə dördü Rusiya istehsalı olan 96K6 “Pantsir-S1” özüyeriyən zenit raket-top kompleksidir (ZRTK). Suriyadakı məğlubiyyət mülki və hərbi obyektlərin, o cümlədən uzaq mənzilli HHM vasitələrinin pilotsuz uçan aparatlar da daxil olmaqla bütün müasir və perspektiv hava hücumu vasitələrindən müdafiəsi üçün təyin edilmiş “Pantsir-S1” ZRTK-nin effektivliyini sual altına qoydu.

2019-cu ilin iyun ayında beynəlxalq mediada Liviyada general Xəlifə Həftərin bazalarının vurulmasında TB2-lərədən istifadə edildiyinə dair məlumatlar yer alıb. TB2 ilə vurulan hədəflər arasında general Həftərin qoşunlarının silahlanmasına daxil olan “Pantsir” ZRTK-lər də olub.

Sonrakı aylarda Türk Ordusu TB2-lərdən terror təşkilatlarına qarşı “Pəncə” və “Kıran” əməliyyatlarında da geniş istifadə etmişdir.

Azərbaycan və Ermənistan arasında 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində gedən İkinci Qarabağ Müharibəsində TB2 SPUA-lar  Ermənistan Silahlı Qüvvələrinə qarşı uğurla istifadə edilmişdir. Müdafiə Nazirliyinin yayımladığı görüntülərdən aydın olduğu qədər Azərbaycan TB-2 SPUA-lardan Ermənistan artilleriyasının, mövqelərinin, tanklarının, piyada döyüş maşınlarının, YARS və zenit-raket komplekslərinin məhv etmək üçün istifadə edib. Döyüşlərin ilk günlərində Ermənistan Ordusuna aid “Osa-AKM”, “Strela-10”, “Tor-M2MK” və iki ədəd S-300 zenit-raket kompleksi TB2 SPUA ilə məhv edilib.

Rəsmi görüntülər əsasında aparılmış dəqiqləşdirmələrə əsasən, 44 günlük döyüş əməliyyatlarında TB2-lər vasitəsi ilə Ermənistan Ordusuna aid 90 ədəd T-72 tankı, 29 ədəd piyada döyüş maşını, 132 ədəd artilleriya qurğusu, aralarında “Smerç” və WM-80 yaylım atəşli reaktiv sistemlər də olmaqla 61 YARS, 9 radiolokasiya stansiyası və REM sistemi, 143 nəqliyyat vasitəsi, habelə düşmənin çox sayda canlı qüvvəsi məhv edilib.

TB2 PUA-lar döyüşlərin gedişatında zərbələrin endirilməsi, düşmənə məxsus hədəflərin axtarışı, təyin edilməsi və koordinatlarının artilleriya batareyalarına ötürülməsi, digər kamikadze PUA-ların (“Harop”, “Zərbə”, “SkyStriker”) hədəflərə istiqamətləndirilməsi, fasiləsiz kəşfiyyatın aparılması və görüntülərin real vaxt rejimində komanda-idarəetmə mərkəzlərinə ötürülməsi də daxil olmaqla müxtəlif tapşırıqların icrasını uğurla yerinə yetirib.

Ən müasir REM sistemi də qarşısını ala bilmədi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında “Bayraktar TB2” SPUA-ların fəaliyyətinə Rusiya istehsalı olan ən müasir radioelektron mübarizə kompleksi ilə də maneə qoya bilmədiklərini etiraf edib. General bildirib ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış “Pole-21” radioelektron mübarizə (REM) kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramayıb. PUA-lar əvvəlki qaydada Ermənistan Ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib.

İlk prototipi 2013-cü ildə MAKS-2013 sərgisində nümayiş etdirilən və 2016-cı ildə silahlanmaya qəbul olunmuş “Pole-21” hazırda Rusiyanın mühüm hərbi və strateji obyektlərinin mühafizəsində tətbiq edilir. “Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış kompleks strateji obyektlərin GPS, QLONASS, “Galileo” və “Beidou” peyk naviqasiyalarından istifadə edən qanadlı raketlərdən, idarə olunan bombalardan və PUA-lardan müdafiəsini təmin edir.

Milliləşmə payı artır

Türkiyə Silahlı Qüvvələri tərəfindən PKK terrorçularına qarşı, eləcə də Suriya və Liviyada, eləcə də Azərbaycan Ordusu tərəfindən Qarabağda hərbi əməliyyatlarda istifadəsindən sonra Kanada hökuməti tərəfindən TB2-lər üçün “L3 Harris” şirkətinin istehsalı olan MX-15D faydalı yükün və Bombardier Recreational Products (BPR) şirkəti tərəfindən istehsal edilən “Rotax 912” mühərriklərinin satışına embarqo tətbiq edilib.

Ehtimala görə, “Baykar Savunma” yeni seriyada “Rotax 912” mühərriyini TEI şirkəti tərəfindən yaradılmış yerli PD170 mühərriki ilə əvəz edəcək.

Yeni faydalı yük və mühərriklə təchiz olunan PUA-nın TB3 adı alacağı qeyd edilir. “Baykar Savunma” şirkətinin direktoru Səlcuq Bayraktar ötən ay özünün sosial media profilində bu barədə məlumat verib. Daha güclü mühərriklə təchiz edilən TB3 versiyasının faydalı yükünün və daşıdığı sursatın artırılacağı, PUA-nın SAR radarıyla komplektləşdiriləcəyi gözlənilir.

Noyabrın 6-da Türkiyənin Müdafiə Sənayesi Komitəsi MX-15D faydalı yükünün yerinə TB2 PUA-da ASELSAN şirkətinin istehsalı olan CATS elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemini sınaqdan keçirdiyini açıqlayıb. Sınaqlar zamanı CATS vasitəsi ilə uzaq məsafədən tapılan və lazerlə işarələnən hədəflər MAM-L sursatı ilə vurularaq məhv edilib. Sınaqlar zamanı CATS-in yüksək sürətlə hərəkət edən hədəflərə kilidlənməsi və izləmə xüsusiyyətləri də yoxlanılıb. ASELSAN, “Baykar” və ROKETSAN-ın birgə həyata keçirdiyi inteqrasiyanın qısa zamanda başa çatdırılması nəzərdə tutulur.

Noyabrın 12-də ASELSAN-da Prezident Rəcəp Tayyip Ərdoğanın da iştirakı ilə keçirilən təqdimat mərasimində şirkətin Baş direktoru Haluk Görgün kəşfiyyat və silahlı pilotsuz uçuş aparatları üçün hazırlanan ASELFLIR F500C elektro-optik kəşfiyyat, müşahidə və hədəfləmə sistemi barədə məlumat verib. Görgün, CATS sisteminin müasir versiyası olan bu kompleksin “Bayraktar TB2” və “Anka” kimi PUA platformaları üçün nəzərdə tutulduğunu deyib.

Yerli mühərrik və faydalı yük TB2 SPUA-ların ixracına olan maneələri aradan qaldıracaq. Eyni zamanda PUA-nın gələcək inkişafını, yeni modifikasiyaların hazırlanmasına imkan verəcəkdir.

Milliləşmə çərçivəsində yaxın gələcəkdə TB2 SPUA-nın silahlanmasına yerli istehsal olan daha “Bozok” adlı minatür döyüş sursatının daxil edilməsi planlaşdırılır. İnersial naviqasiyadan və lazer yönləndirmədən istifadə edən “Bozok” sursatının çəkisi 16 kq, çapı 120 mm, uzunluğu 80 sm təşkil edir.

Noyabr ayının 11-də “Baykar Savunma” şirkəti Azərbaycan Ordusunun qələbəsi münasibəti ilə sosial mediada etdiyi  paylaşımda TB2 SPUA-nın peyk üzərindən idarə olunan yeni modifikasiyasını nümayiş etdirib. Yeni modifikasiyanın füzelyajında SATCOM antenasının olduğu görünür. Türk mediası yeni PUA-nı TB2 S (S- Satellite/peyk idarəetməli) adlandırıb.

Mütəxəssislərin fikrincə, SATCOM sisteminin tətbiqi ilə TB2 SPUA-ların uçuş radiusu və əməliyyat imkanları artırılacaq, radioelektron mübarizə sistemlərinə qarşı qorunması daha da güclənəcək. Bundan başqa, Yer Nəzarət Stansiyasından həyata keçirilən idarəetmədə yaşanan əlaqənin kəsilməsi kimi problemlər aradan qaldırılmış olacaq. AD

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş