Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətə başlamasından 4 il keçir – FOTO

Bu gün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 4-cü ildönümü münasibətilə mərasim keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Mərasim qurumun mərkəzi aparatında davam etdirilib. Keçirilən mərasimdə Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb.

A.Rəhimov bildirib ki, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin məqsədyönlü siyasəti əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də bütün sahələrdə uğur və inkişafla müşayiət olunub. Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən dörd il ərzində əsaslı tədbirlər görülüb.

Səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində mühüm nəticələr əldə edilib.

Ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçib, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

A.Rəhimov diqqətə çatdırıb ki, Azərbaycanda səfərbərlik hazırlığı və işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb.

Belə ki, 2015-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə icrası yerli idarə, şöbə və bölmələrdə nəzərdə tutulmuş tədbirlər planı hazırlanıb, eləcə də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Xidmət tərəfindən ötən il ərzində görüləcək tədbirlərin planı hazırlanaraq təsdiq olunub. Nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib.

A.Rəhimov bildirib ki, səfərbərlik hazırlığının yüksəldilməsi məqsədilə il ərzində Xidmətin yerli idarə, şöbə və bölmələrində Silahlı Qüvvələrə təyin edilmiş hərbi-nəqliyyat vasitələri toplanaraq onlara sıra baxışı təşkil olunub, texniki vəziyyətlərinin yoxlanılması daim nəzarətdə saxlanılıb. Görülən işlərin nəticəsi olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təlimlərində hərbi birləşmə və hissələrin ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi ilə bağlı qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirib.

O qeyd edib ki, Xidmət tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təkliflərin müsbət cavablandırılması qurumun fəaliyyətinə əlavə stimul verib: “Elektron xidmətlərin tətbiqində ciddi nailiyyətlər əldə etmiş dövlət orqanları sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də yer alıb”.

A.Rəhimov bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaq.

Azərbaycan Respublikası Veteranlar Şurasının sədri, general-mayor Dadaş Rzayev Xidmətin əməkdaşlarını təbrik edərək, xidməti fəaliyyətlərində uğurlar arzulayıb. O, qurumun 4 illik fəaliyyətini yüksək qiymətləndirilib.

Sonra xidmətdə fərqlənən əməkdaşlar təltif olunub.

2

3

KATEQORIYA:
Bu xəbəri paylaş