Səfərbərlik Xidməti: İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətini artıracaq

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə olunan dəyişiklik ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların məsuliyyətini artıracaq.

Bu barədə “AzeriDefence” yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycanın kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.

SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

– doğum haqqında şəhadətnamənin surəti;

– ailə tərkibi haqqında arayış;

– təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

– təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

– tərcümeyi-hal;

– 6 ədəd 3×4 sm. ölçüdə fotoşəkil.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycanın 2017-ci il 31 oktyabr tarixli 851-VQD nömrəli qanununa əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan SHXÇDX-nin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaqdır.

KATEQORIYA:
Bu xəbəri paylaş