Səfərbərlik Xidməti xarici ölkələrdə ali təhsil almaq istəyən çağırışçılara müraciət edib

Möhlət hüququ yalnız siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xarici ölkələrin təhsil müəssisələrinə qəbul olunan vətəndaşlara veriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) xarici ölkələrdə ali təhsil almaq istəyən çağırışçılara müraciət edib.

SHXÇDX-dən “AzeriDefence”yə verilən məlumata görə, 29 may 2015-ci ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilərək 21.1.5-ci maddəsindəki “xarici ölkələrdə” sözləri “xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində” sözləri ilə əvəz edilib. Qanun Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli Fərmanı ilə qüvvəyə minib və müəyyən edilib ki, Qanunun 21.1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir.

Səfərbərlik Xidməti bəyan edib ki, son zamanlar xarici ölkələrdə təhsil alan çağırışçılara təhsilə görə çağırışdan möhlət hüququnun verilməsi qaydaları ilə əlaqədar vətəndaşların Xidmətin yerli idarə, şöbə və bölmələrinə, o cümlədən Xidmətin portalına ünvanladığı çoxsaylı müraciətləri nəzərə alaraq bir daha bildiririk ki, yuxarıda göstərilən Qanunda müvafiq dəyişikliyə uyğun olaraq bundan sonra xarici ölkələrdə təhsil alan çağırışçılara möhlət hüququ yalnız siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xarici ölkələrin təhsil müəssisələrinə qəbul olunan vətəndaşlara veriləcək.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xarici ölkələrdə ali təhsil almaq istəyən çağırışçılara ali təhsil müəssisəsi seçərkən 2016-cı ildə Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi gözlənilən xarici ölkələrin təhsil müəssisələrinin siyahısını nəzərə almağı tövsiyə edir.

Xidmət eyni zamanda bildirir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.5-ci maddəsinin tələblərinin pozulması qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırma kimi qiymətləndirilir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş