Səfərbərlik Xidməti yeni SMS məlumatlandırma xidmətini istifadəyə verib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların daha rahat əldə edilməsi üçün yeni SMS məlumatlandırma xidməti istifadəyə verilib.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Yeni xidmət Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2016-2018 – ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar tətbiq olunub.

Bu xidmət vasitəsilə çağırışçıların öyrənilməsi və tibbi şəhadətləndirilməsi zamanı mobil nömrələri götürülür. Proqram təminatı vasitəsi ilə ümumi qoşun növləri üzrə bölgü prosesi başa çatdıqdan sonra hər bir çağırışçının mobil telefonuna hansı qoşun növündə müddətli həqiqi hərbi xidmət keçməsi barədə qısa mesaj (SMS) göndərilir.

KATEQORIYA:
Bu xəbəri paylaş