Selçuk Bayraktar: “Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir”

Selçuk Bayraktar: “Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransın ikinci günü maraqlı panellərlə davam edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Azeri Defence”ə bildirilib ki, Türkiyənin “Baykar Makina” şirkətinin texniki direktoru və “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı Selçuk Bayraktar tədbir iştirakçılarını salamlayaraq dəvətə görə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə təşəkkürünü bildirib.

S.Bayraktar Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin başa çatması, Vətən müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib və şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Qarabağ məsələsini gənclik illərimizdən içimizdə bir ağrı kimi hiss edirdik. Bu gün Azərbaycan və Türkiyə ordularının böyük səyi nəticəsində bu ağrı bitdi. Qələbədə ölkəmizin istehsalı olan milli texnologiyanın rol oynaması bizə qürur verir. Bu zəfərin əsl sahibləri isə şəhidlərdir. Eşq olsun türk ordularına! Yaşasın Azərbaycan – Türkiyə qardaşlığı!” – deyə Bayraktar qeyd edib.

Konfransda çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, pandemiya dövründə onlayn görüşlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir. O, “World Net Summit” beynəlxalq onlayn konfransının dövlət və özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələr arasında qarşılıqlı əlaqələrin inkişafına müsbət töhfə verdiyini xüsusilə vurğulayıb.

Dünyaca məşhur “Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak konfransın işinə uğurlar arzulayaraq, müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyini və bəşəriyyət üzərində qələbə çaldığını qeyd edib.

Onlayn konfransda çıxış edən “Entrepreneur” jurnalının baş redaktoru Jason Feifer insanların dəyişiklikləri sevmədiyini və buna müqavimət göstərdiklərini, lakin əslində innovasiyaların tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

“World Net Summit” adlı beynəlxalq onlayn konfransda, həmçinin dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri və digər xarici ekspertlər iştirak ediblər.

İki gün davam edən “World Net Summit” beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən “Monex Summit Caspian”, “Global Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”, “Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri təşkil olunub (https://worldnetsummit.com/).

Qeyd edək ki, “World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.

KATEQORIYA:
Bu xəbəri paylaş