
Serbiya Çindən FK-3 ZRK-ləri alır
Serbiya ilə Çin arsında FK-3 hava hücumundan müdafiə sistemlərinin satınalınmasına dair müqavilə imzalanıb.
Bu barədə Azeri Defence saytı “Balkan Security Network”a istinadən məlumat verib.
Müqavilə çərçivəsində Serbiyanın Çindən HQ-12 zenit raket kompleksinin (ZRK) ixrac variantı FK-3 ZRK-nin 3 batareyasını alacağı bildirilib.
FK-3 ZRK-nin bir batareyasına bir radar, altı raket buraxıcı qurğu, iki generator və 18 raket daxildir. FK-3 kompleksinin əsasən kruiz raketlərinə və pilotsuz uçuş aparatlarına qarşı istifadəsi nəzərdə tutulub.
İlk ixracı Serbiya Silahlı Qüvvələrinə ediləcək FK-3 ZRK-nin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilmir.
Azeri Defence saytının məlumatına görə, ilk dəfə “Airshow China 2016” sərgisində nümayişə çıxarılan HQ-12 ZRK-nin ixrac üçün olan variantının atəş məsafəsi 5 km-dən 100 km-ə qədərdir. Habelə HQ-12 zenit-raket kompleksi 27 km-ə qədər hündürlükdə hədəfləri məhv etmək qabiliyyətinə malikdir.