Serbiya Ordusu modernləşdirilmiş “Oganj” YARS-ları təhvil alıb

Serbiya Ordusu modernləşdirilmiş “Oganj” YARS-ları təhvil alıb

Serbiya müdafiə sənayesi tərəfindən modernləşdirilmiş 122 mm-lik “Oganj” adlı yaylım atəşli reaktiv sistemlər (YARS) Silahlı Qüvvələrə çatdırılıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb. Serbiyanın Müdafiə naziri Aleksandar Vulinin iştirakı ilə keçirilən mərasimdə modernləşdirilmiş “Oganj” YARS Silahlı Qüvvələrə təhvil verilib.

6×6 təkər formuluna malik FAP 2026 BDS/AV şassisi üzərinə inteqrasiya olunan “Oganj” 32 lüləli 128 mm-lik işəsalma qurğu ilə komplektləşdirilib. Buraxıcı qurğuya atılan raketlərin yenisini sürətlə yükləmək üçün kabinənin arxasına 32 raketdən ibarət paket depolanır.

Artilleriya sisteminin 2.6 metr uzunluğunda, 128 mm kalibrli raketlərlə atış uzaqlığı 20.6 km təşkil edir. Bildirilib ki, “Oganj” YARS növbəti təkmilləşdirmədən sonra, mövcud olan bütün növ raketlər, eləcə də 40-50 km atış uzaqlığına malik idarə olunan yeni raketlər ilə atəş aça biləcək.

Modernləşdirilmiş “Oganj” yeni INS naviqasiya sistemi, rəqəmsal idarəetmə sistemi və rabitə sistemi ilə təchiz edilib. Artilleriya sistemi 3 dəqiqəyə atışa hazır vəziyyətə gətirilir.

Serbiya Müdafiə nazirinin sözlərinə görə, Serbiya Ordusu yaxın bir neçə gün ərzində yeni “Oganj” YARS batareyaları təhvil alacaq. Bundan başqa, Serbiya Silahlı Qüvvələri YARS-lar daxil olmaqla digər silah və döyüş texnikalarını modernləşdirməyə davam edir.

KATEQORIYA:
Bu xəbəri paylaş