Serbiya “Terminator”u təkmilləşdirir

Serbiya “Terminator”u təkmilləşdirir

Serbiya PASARS-16 “Terminator” zenit raket-top kompleksini (ZRTK) təkmilləşdirir.

“Poliqon”un xarici mediaya istinadən verdiyi məlumata görə, PASARS-16 “Terminator” ZRTK təkmilləşdirmə zamanı 9K35 “Strela-10” zenit-raket kompleksinin təkmilləşdirilmiş 9M37M raketi ilə atış aparmaq imkanı əldə edib.

Yerli mütəxəssislər raketə daha təkmil özutuşlama başlığı və start sürətləndiricisi quraşdıraraq onu inkişaf etdiriblər. Ehtimal edilir ki, sözügedən yeniliklər ZRTK-nin müxtəlif hava hədəfləri ilə, o cümlədən müxtəlif növ pilotsuz uçuş aparatları ilə mübarizə üzrə imkanlarını artıracaqdır.

Əvvəllər PASARS-16 “Terminator” ZRTK “hava-hava” sinfinə aid R-13M aviasiya raketləri ilə təchiz edilirdi. Təkmilləşdirmə zamanı R-13M raketinin mühərriki dəyişdirilib və infraqırmızı özütuşlama başlığı isə inkişaf etdirilib.

Bu vasitə düşmənin 8000 metrə qədər yüksəklikdə və 12000 metrə qədər məsafədə uçan hava hədəflərini məhv edə bilir.

Kompleksdə top qismində 40 mm-lik “Bofors” L-70 avtomatik topu tətbiq edilib. Topun atəş tezliyi dəqiqədə 240 atəş təşkil edir. Mərminin başlanğıc sürəti saniyədə 1000-1600 metr, məhvetmə məsafəsi – effektiv 3000 metr və maksimal isə 12500 metrdir.

Silahın tətbiqinin effektivliyini termal kanallı müasir passiv atəşi idarəetmə sistemi təmin edir.

PASARS-16 “Terminator” ZRTK 6×6 təkər formullu FAP-2026BS/AV yüksək keçidlikli avtomobilin şassisində hazırlanıb. Kabina və silahlı qüllə zirehlidir. Mina əleyhinə müdafiə nəzərdə tutulub. Dizel mühərrik 280 at gücünə malikdir, transmissiya mexanikidir.

ZRTK-nin heyəti üç nəfərdən ibarətdir: maşın komandiri, operator və sürücü. Komandir və sürücü kabinada, operator isə qüllənin xüsusi bölməsində yerləşir.

Qeyd etmək lazımdır ki, PASARS-16 “Terminator” ZRTK ilk dəfə geniş ictimaiyyətə 2016-cı ildə təqdim edilib.

Hazırda PASARS-16 “Terminator” ZRTK ilə yanaşı Serbiya ordusunun silahlanmasında az miqdarda 9K31M “Strela-1M” (~12 ədəd), 9K35M “Strela-10M” (~5 ədəd) və 2020-ci ildə Rusiyadan alınmış 96K6 “Pantsir-S1” (6 ədəd) kompleksləri durur.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş