SƏRHƏD minaatan təsbit radarı – Azərbaycan üçün də ideal seçim ola bilər – FOTO- VİDEO

Son bir ildə cəbhə xəttində atəşkəs rejiminin pozulması zamanı tərəflərin artilleriya sistemlərindən istifadə etməsi daha çox müşahidə olunur. Xüsusilə də Ermənistan Ordusunun Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi minaatanlardan atəşə tutması nəticəsində həm hərbçilər, həm də mülki sakinlər arasında itkilər yaşanır.

Təbii ki, Azərbaycan Silahlı Qüvvələri də düşmənin mövqelərini, dayaq məntəqələrini, cəbhənin dərinliyindəki obyektlərini cavab atəşinə məruz qoyur. Qarşı tərəfin itkiləri də göründüyü qədər az deyil.

Hərbi sənayenin inkişafı son 30 ildə artilleriya vasitələrinin atəş nöqtələrini və onların atdığı mərminin trayektoriyasını qısa zamanda aşkarlamağa imkan verən yeni nəsil texnologiyaların yaranmasına imkan verib. Xarici hərbi sərgilərdə gördüyümüz qədər hazırda dünyada bu funksiyaları yerinə yetirən az sayda da olsa cihazlar mövcuddur.

Düşmənin cəbhə xəttinin dərinliklərində yerləşən artilleriya vasitələrinin yerini aşkarlayan yerüstü atəş təsbiti sistemlərinin (ATS) yaradılması işlərinə 1970-ci illərin əvvəllərində başlanıb. 1986-cı ildə isə Fransa, Almaniya və Böyük Britaniya birlikdə rəqibin artilleriya batareyalarının yerini yüksək dəqiqliklə təsbit edəcək sistemin hazırlanması prosesinə start verdi. Bir neçə il sonra bu sistem COunter Battery RAdar (COBRA) AESA System adı ilə xidmətə qəbul olundu. Sonrakı dövrdə COBRA əsas götürülməklə Norveç və İsveç ARTHUR radarını hazırladılar. Xidmətə 1999-cu ildə qəbul edilmiş sonuncu sistem hazırda 7 NATO ölkəsi və Cənubi Koreya ordusunda istifadə olunur. NATO ölkələrinin İraq və Əfqanıstandakı əməliyyatların gedişində 360 dərəcə əhatəni təmin edən və daha asan istifadə olunan, hətta qumbaraatanların atəş nöqtələrini təsbit edən sistemlərə ehtiyacı meydana çıxarır.

Serhat_3

Amerikan “Raytheon” şirkətinin AN/TPQ-36 və daha uzaq mənzilə malik AN/TPQ-37 radarları 90 dərəcə bucaq altında ərazini saniyə ərzində bir neçə dəfə skan edərək, düşmənin artilleriya sistemlərinin yerini avtomatik olaraq təyin edir. Təyin olunan düşmən atış nöqtələrinin yeri operatorun monitorunda görüntülənir. Bu sistem özünün sürətli təyinetmə imkanlarına görə analoqlarından fərqlənir və atəş nöqtəsini mərmi havada olduğu müddətdə təsbit eləyir. İ bandında çalışan AN/TPQ-36 radarının aşkaretmə məsafəsi 24 km, E/F bandında çalışan AN/TPQ-37 radarının isə 50 kilometrdir.

Türkiyə nümunəsi – özünü doğrultmuş – SƏRHƏD

Bir il əvvəl Türkiyə-Suriya sərhədində Türkiyə Silahlı Qüvvələri ölkə ərazisinə atəş açan Suriya Ordusunun minaatan batareyasının yerini atəşin davam etdiyi müddətdə – qısa zaman kəsiyində dəqiqliklə aşkarlayaraq düşməni ağır tələfata uğratdı. Düşmənin atəş nöqtəsinin koordinatlarının belə – cəmi bir neçə dəqiqədə aşkarlanıb məhv edilməsi isə ASELSAN şirkəti tərəfindən yaradılmış, 4×4 “Cobra” zirehli transportyorunun üzərinə yerləşdirilmiş “Sərhəd” minaatan təsbit radarının sayəsində mümkün olmuşdu. Sonrakı dövrlərdə bu radar vasitəsi ilə Suriya ərazisindən Türkiyəyə atəş açılan digər nöqtələrin koordinatları da təyin edilərək susduruldu.  _MRS8813

İlk eksperimental nümunəsi 2013-cü ildə IDEF müdafiə sərgisində nümayiş etdirilmiş “Sərhəd” minaatan təsbit radarı müxtəlif nəqliyyat vasitələri üzərində və stasionar şəkildə tətbiq edilə bilmə xüsusiyyətinə sahibdir. Radar 10 km məsafədən minaatan mərmilərini təsbit edir, izləyir, mərmilərin təxmini çıxma və düşmə yerlərini hesablayır. “Sərhəd” dünyada öz sinfindəki analoqlarından 360° bucaq altında dairəvi müşahidəni təmin edə bilməsi və modulyar dizayna sahib olması ilə seçilir. L tezliyində çalışan radar elektron aktiv antenaya malikdir. “Sərhəd” eyni anda 5-dən artıq atışın yerini təsbit etməyi bacarır. Radar həm nəqliyyat vasitələrinin üzərində, həm tripod üzərində, həm də binaların və qüllələrin üzərinə qurulmaqla istifadə edilə bilir. ASELSAN mütəxəssislərinin sözlərinə görə, “Sərhəd” minaatan təsbit radarının bütün komanda-nəzarət sistemləri ilə inteqrasiya edilməsi mümkündür. Radarın uzaqdan idarə oluna bilmə, habelə ərazinin siluetini skan etmə, dost/düşmən bölgəni tanıma, hədəfləri elektron xəritə üzərində qeyd etmə və radioelektron mübarizə vasitələrinə qarşı yüksək qoruma kimi xüsusiyyətləri özündə birləşdirir.

Ekspertlərin fikrincə, Azərbaycan Silahlı Qüvvələri böyük gücə malik raket-artilleriya vasitələrinə sahibdir. Bununla yanaşı, əks-tədbir vasitəsi olan düşmənin artilleriya vasitələrinin yerini aşkarlaya biləcək texnologiyalara sahib olması olduqca vacibdir. Bu kontekstdə də ASELSAN “Sərhəd” minaatan təsbit radarı önə çıxır. Birincisi, bu radar Türkiyədə istehsal edilib və sınaqdan üzüağ çıxıb. İkincisi, istehsalçı Türkiyə olduğundan, radarın mülkiyyət haqları da ASELSAN-a məxsus olduğu üçün Avropa və Amerika texnologiyalarından fərqli olaraq Azərbaycana satışında heç bir problem yaşanmaz. Üçüncüsü, dil, istifadə təlimi, texniki qulluq məsələləri, avadanlığın mənimsənilməsi qısa zaman alar.

“Bu radar Azərbaycan Silahlı Qüvvələrinə olduqca böyük avantajlar vermiş ola bilər. Birincisi, Qarabağ relyefində ermənilər daha çox minaatanlardan istifadə etməyə çalışırlar. Xüsusilə də dağlıq və meşəlik ərazilərdə onların maskalanmış minaatan mövqelərini təyin etmək çətindir. Bu baxımdan “Sərhəd” tipli, kiçik maşınların üzərində daşınan, yaxud istənilən ərazidə qısa müddətdə qurulub, sonra yığışdırıla bilən minaatan təsbit radarına ehtiyac var”, – deyə eksperlər bildiriblər.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Abuzər Əbilov deyir ki, texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə dağın və təpənin zirvəsinə çıxıb düşmən batareyasının atəş yerini müəyyən etmək tədbirləri tarixə qovuşub. Bu gün qabaqcıl ölkələrin orduları artilleriya və minaatanların atəş nöqtələrini təyin edib, korrektə etmək ücün dəqiq məlumatlar verən avadanlıqları silahlanmaya qəbul edirlər.

“Belə sistemlər operativliyi artırır, lazımsız müşahidəni və artilleriya kəşfiyyatını gündəmdən çıxarır. Məsələn, ASELSAN şirkətinin “Sərhəd” radarı atəşin acıldığı nöqtəni, mərminin uçuş trayektoriyasını, mərminin düşəcəyi ərazini dəqiq təyin edərək, qoşunlara artilleriya əleyhinə tədbirlər görmək və dislokasiya yerini dəyişmək kimi vacib amillərdə mühüm kömək göstərmiş olur. Bəzi sistemlər var ki, verilmiş ərazinin üfüqinü aktiv skan eləməklə, yaranmış atəş dalğasını, partlayışı dəqiq təyin edə bilir. Bundan əlavə atılan mərminin kalibri və artilleriya silahının tipi dəqiq təyin olunur”, – deyə ekspert bildirib.

Bu tip sistemlərə AN/TPQ-36 və AN/TPQ-37, COBRA, ARTHUR sistemlərini nümunə göstərən A. Əbilovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu il Donbasda gedən döyüşlərdə AN/TPQ-48 (V) 2А tipli radarlardan istifadə ediblər. İlk günlər bu radarlar öz funksiyalarını maneəsiz yerinə yertirsə də, sonradan ruslar bu avadanlıqların siqnallarını əngəlləyərək onları çaşdırmağa nail olub. Bundan sonra Ukrayna döyüşcüləri həmin sistemlərdən imtina etmək məcburiyyətində qalıblar.

A. Əbilov deyib ki, ASELSAN şirkətinin “Sərhəd” radarı məhz bu cür kənar müdaxilələrdən tam qorunduğundan, Azərbaycan bu tip radarların tətbiqini yoxlamalıdır: “ABŞ–ın haqsız olaraq Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişin şərtlərinə görə, xarici dövlətlər bir sıra silah, sursat və avadanlığın Azərbaycana satışının əngəllənməsi fonunda, qardaş Türkiyənin istehsalı olan bu tip avadanlıqların alınması daha məqsədə uyğundur. Bu gün düşmən minaatanlarının aktiv istifadə olunduğu təmas xəttində belə radarlar bizə hava və su kimi vacibdir”.

Serhat_1

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş