Sərhədçilər dənizdən iki balıqçını xilas etdilər

Sərhədçilər Xəzər dənizində texniki problem yaranmış qayıqda olan iki balıqçını xilas ediblər.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 14-də saat 13:00 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti məntəqəsinə dənizdə balıqçı qayığında yaranmış texniki nasazlıq səbəbindən iki nəfər balıqçının həyatının təhlükə qarşısında qalması barədə məlumat daxil olub.

Sahildən iki mil aralıda yerləşən qayığın koordinatları dəqiqləşdirildikdən sonra həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Astara rayon Şahağacı kəndinin sakini Əliyev Elvin Ağaverdi oğlu və Kakalos kənd sakini Məmmədov Amil Valeh oğlu qayıqla birlikdə sahilə çıxarılıblar.

Dövlət Sərhəd Xidmətinin sərhəd gözətçi gəmiləri, texniki müşahidə və sahil nəzarəti məntəqələri dənizə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və Xəzərdə xilasetmə tədbirlərinin həyata keçirilməsi üzrə fəaliyyətlərini uğurla davam etdirirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş