DSX: “Ölkəyə dron keçirilməsinin qarşısı alınıb”

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2016-cı ilin fevral ayı ərzində sərhədi pozduqları üçün 22 halda 34 nəfər saxlanılıb.

Bu barədə “AzeriDefence”yə DSX-nın mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanların 11-i Azərbaycan, 9-u İran, 4-ü Qana, hər ölkədən 2 nəfər olmaqla Pakistan, Özbəkistan, Ukrayna və hər ölkədən 1 nəfər olmaqla Moldova, Gürcüstan, Banqladeş və Filippin vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozduqları üçün yaşıl sərhəddə 2 halda 4 nəfər, Xəzər dənizində 14 halda 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 391 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 6 halda 7 kiloqram 498 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 376 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd TOZ-8 markalı tüfəng, 1 ədəd 7,62 mm-lik güllə, 25 kq barıt, 1 ədəd dron – uçuş aparatı, 15636 qutu siqaret, 30920 Azərbaycan manatı, 569000 Rusiya rublu, 30 baş buzov, 6 baş at, müxtəlif növ dərman preparatları, spirtli içkilər, ərzaq və sənaye malları saxlanılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş