Sərhədçilər narkotik qaçaqmalçılığının qarşısını alıblar

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyəsinin və qaçaqmalçılığın qarşısının alınması məqsədiylə apardıqları əməliyyatlar nəticəsində narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahədən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Belə ki, Füzuli rayon sakinləri Məmmədov Rəşad Rəsul oğlu və İsayev Bəxtiyar Möhübbət oğlu sentyabrın 8-də saat 23:00 radələrində narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu da müəyyənləşdirilərək saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən sentyabrın 9-da Lənkəran rayonu Balıqçılar qəsəbəsi ərazisində həyata keçirilən tədbirlər nəticəsində isə qəsəbə sakinləri 1967-ci il təvəllüdlü Babaşov Novruz Mirzəkişi oğlu və 2001-ci il təvəllüdlü Babaşov Dadaş Novruz oğlu Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanılıb. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstərən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanıb.

Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlamada 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş