Şəxsi heyətlə iş üzrə komandir müavinlərinin toplantısı başlayıb

Silahlı Qüvvələrin birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin toplantısı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə məruzə ilə çıxış edən Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı işinin təşkili ilə bağlı fikirlərini bildirib. İdarə rəisi müdafiə nazirinin daim bu sahəyə ciddi diqqət yetirdiyini, bu işin təşkilində manqa komandirlərinin hazırlığına önəm yetirilməsinin zəruriliyini vurğulayıb. O, mənəvi-psixoloji hazırlığın orduda döyüş hazırlığının vacib tərkib hissəsi olduğunu və bu səbəbdən də yeni üsullarla işləməyin tələb edildiyini toplantı iştirakçılarına bir daha xatırladıb.

Hərbi vətənpərvərlik duyğularının daha da möhkəmləndirilməsində örnək hesab edilən tədbirlərin mahiyyətindən danışan R.Əliyev həyata keçirilən fəaliyyətlərin gənc zabitlərin mənəvi-psixoloji hazırlığında mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Zabitlərin qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməsi üçün bu cür tədbirlərin daha işgüzar şəraitdə keçirilməsinin vacibliyi qeyd olunaraq xüsusi vurğulanıb ki, şəxsi heyətin hərbi intizama daha ciddi riayət etməsi ordunun döyüş qabiliyyətinin möhkəmlənməsində ən zəruri amillərdəndir. Buna görə də hərbi xidmət məhz həmin meyarlar əsasında qurulur.

İdarə rəisinin müavini polkovnik Abdulla Qurbani prezident İlham Əliyevin sərəncamına əsasən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini, multikulturalizmin tolerantlıqla sıx bağlı olduğunu və ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığını, sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma, dialoq şəraitinin mövcudluğunu bildirib. Polkovnik bu istiqamətdə Silahlı Qüvvələrin üzərinə düşən vəzifələrdən ətraflı söhbət açıb.

Müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev çıxışında toplantı iştirakçılarının diqqətinə qarşıda duran vəzifələri çatdırıb.

Toplantıda çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dünyada baş verən qlobal hadisələrdən söz açaraq hərbi cinayətlərdən, onların təsnifatından, törədilməsinə səbəb ola bilən amillərdən və həyata keçirilən hüquqi-profilaktik tədbirlərdən danışıb. Sonda general-leytenant Xanlar Vəliyev toplantı iştirakçılarının suallarını cavablandırıb.

Təlim-metodiki toplantı öz işini davam etdirir.

ttm2

KATEQORIYA:
Bu xəbəri paylaş