Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Siyəzəndə vətəndaşları qəbul edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi general-leytenant Arzu Rəhimov Siyəzəndə şimal rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə “AzeriDefence”yə SHÇDX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib.

Qəbulda Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından 17-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox veteran adı və vəsiqəsinin verilməsi, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbulu, hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

KATEQORIYA:
Bu xəbəri paylaş