Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının üçüncü ildönümü qeyd olunub

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının üçüncü ildönümü qeyd edilib.
“AzeriDefence”nin məlumatına görə, tədbirdə çıxış edən xidmətin rəisi, general-leytenant Arzu Rəhimov bildirib ki, Ali Baş Komandanın müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 3 il ərzində SHXÇDX tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış, Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə olunub. Azərbaycanda səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra tədbirlər görülüb.

Ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Respublika Hərbi Prokurorluğu ilə birgə yerli idarə, şöbə və bölmələrdə icrası nəzərdə tutulmuş tədbirlər planı hazırlanıb, eləcə də dövlət başçısının müvafiq sərəncamına əsasən “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar xidmət tərəfindən 2014-cü il ərzində görüləcək tədbirlərin planı hazırlanaraq təsdiq olunub və nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilib.

“Xidmət tərəfindən əvvəlki illərdə olduğu kimi, ötən il də “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanundan irəli gələn vəzifələrə uyğun olaraq səfərbərlik hazırlığının təmin edilməsi üçün bütün respublika üzrə yerli icra strukturlarının iştirakı ilə səfərbərlik hazırlığı üzrə məşğələlər təşkil olunub. Məşğələlərdə Silahlı Qüvvələrə təhkim olunmuş hərbi vəzifəlilərin xəbərdar edilməsi və praktiki toplanması təşkil edilib, hərbi vəzifəlilər qeydiyyatdan keçirilib. Eləcə də “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanunun tələbləri onlara izah edilib”, – deyə A. Rəhimov vurğulayıb.

Xidmət rəisi gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili istiqamətində layihələr həyata keçirildiyini, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-də mütəxəssislər hazırlandığını deyib.

Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində daxil olmuş məlumatlar əsasında Saatlı, Göyçay idarələrində, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı” MMC-nin Gəncə filiallarında yoxlamalar aparılıb, nəticələr hüquq-mühafizə orqanlarına göndərilib.

Tədbirin sonunda xidmətdə fərqlənmiş əməkdaşlar Azərbaycan prezidentinin sərəncamı və xidmət rəisinin əmri ilə təltif olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş