SHXÇDX: Çox sayda Azərbaycan vətəndaşı döyüşlərdə iştirak etmək üçün müraciət edib

SHXÇDX: Çox sayda Azərbaycan vətəndaşı döyüşlərdə iştirak etmək üçün müraciət edib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çox sayda Azərbaycan vətəndaşı döyüşlərdə iştirak etmək üçün müraciət edib.

Bu barədə “AzeriDefence”ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün SHXÇDX-ə çoxsaylı müraciətlər ediblər. Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk”, – deyə Səfərbərlik Xidmətindən bildirilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək geri oturdulub.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olub.

Qəhrəmancasına həlak olmuş şəhidlərimiz bu gün dəfn olunur.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş