SHXÇDX-nin 8-ci ildönümü qeyd olunub

SHXÇDX-nin 8-ci ildönümü qeyd olunub

Ötən 8 il ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində böyük inkişaf yolu keçərək hərb quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib.

“AzeriDefence”nin məlumatına görə, bunu fevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 8-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.

Arzu Rəhimov SHXÇDX-nin müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynadığını və bu vəzifələri müvəffəqiyyətlə icra etdiyini vurğulayıb.

Xidmət rəisinin sözlərinə görə, ötən dövr ərzində səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi hərbi xidmətə hazırlanması və hərbi xidmətə ça­ğı­rılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş-məmur məmnunluğunun təmin edilməsi, qa­nunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, Xidmətin daha ba­ca­rıqlı və savadlı kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və digər sahələrdə bir sıra tədbirlər həyata keçirilib.

“Dövlətimizin qayğısı nəticəsində artıq səkkiz il ərzində bir neçə rayonda SHXÇDX-nin yerli struktur bölmələrinin yeni inzibati binaları istifadəyə verilib. Ötən il Xidmətin Goranboy rayon şöbəsinin yeni inzibati binasının açılışı olub, Lənkəran rayon şöbəsinin xidməti şəraiti yaxşılaşdırılıb. Qəbələ, Göygöl və Qax rayon şöbə və bölmələrinin yeni inzibati binalarının inşası başa çatdırılıb, Siyəzən rayonunda isə inşaat işləri davam etdirilir. O cümlədən, işğal altında olan Xocavənd rayon əhalisinin, hərbi vəzifəlilərin, çağırışçıların səfərbərlik və hərbi xidmətə çağırış kimi mühüm işlərinin icrasını daha mütəşəkkil qaydada təmin etmək məqsədilə Xidmətin yerli struktur bölməsi yaradılıb”, – deyə A. Rəhimov vurğulayıb.

Xidmət rəisi əlavə edib ki, elektron xidmətlərin göstərilməsi və aidiyyəti qurumlar arasında inteqrasiyanın ya­ra­dı­l­ması istiqamətində müvafiq işlər davam etdirilib, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Re­yes­tri Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə inteqrasiya işləri yekunlaşdırılıb.

Bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vətənpərvərlik tərbiyəsinin daha geniş müstəvidə təbliği məqsədilə ötən il tərəfdaş qurumlarla – “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq çərçivəsində Bakı metrosunun stansiyalarında, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Vağzalında və sərnişin stansiyalarında, Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində quraşdırılmış monitorlarda SHXÇDX-nin vətənpərvərlik mövzusunda hazırladığı iki videoçarxın yayımına başlanıb. Həmçinin şəhid ailələrinə, müharibə əlilləri və veteranlarına Xidmət tərəfindən daim diqqət göstərilir. SHXÇDX bütün şəhər və rayonlarda Novruz Bayramı, Qurban Bayramı, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə, o cümlədən dekabrın 1-də və 2-də könüllülük hərəkatının üzvləri olan gənclərin iştirakı ilə “Azərbaycan Könüllülük Həftəsi” layihəsinin “Şəhidimiz” kampaniyası çərçivəsində şəhid ailələrinə ziyarət təşkil edib və onlara sovqat çatdırılıb.

Mərasimdə iştirak edən qonaqlar adından çıxış edən Flora Qasımova və digər natiqlər Xidmətin şəxsi heyətini ildönümü münasibətilə təbrik edib və xoş arzularını çatdırıblar.

Tədbirdə Xidmətin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında SHXÇDX rəisinin imzaladığı əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri, həmçinin hərbi rütbələr və fəxri fərmanlar təqdim olunub.

Mərasimdə, həmçinin Xidmətlə əməkdaşlıq edən vətəndaş cəmiyyəti institutlarının, veteranların, şəhid ailələrinin nümayəndələrinə təltiflər və hədiyyələr təqdim edilib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Qəhrəman Vahid Quliyev və vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə təltif ediliblər.

Xidmətin yaradılmasının 8-ci ildönümü münasibətilə qurumun yerli idarə, şöbə və bölmələri tərəfindən respublikanın rayonlarında da tədbirlər təşkil olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş