Silahlı pilotsuz uçuş aparatının (PUA) yaradılması məsələsi təsdiqlənib

Rusiya Müdafiə Nazirliyi silahlı PUA-nın yaradılmasının texniki tərkibinin hazırlanması istiqamətində işlərə başlayıb.
“AzeriDefence”nin məlumatına görə, PUA-nın istehsalı ilə məşğul olacaq “Tranzas” şirkətindən bildirilib ki, artıq qurğunun elektron bort, idarəetmə və naviqasiya sisteminin formalaşdırılması istiqamətində müvafiq işlər görülüb. PUA-nın playneri isə “Sokol” Kazan Konstruktor Bürosu tərəfindən düzəldiləcək.

Yeni PUA modul planı üzrə yığılacaq. Bu isə o deməkdir ki, aparat üzərində müxtəlif təyinatlı silah və avadanlıqlar komplektləşdirilə bilər.

PUA-nın yaradılmasına dair Rusiya Müdafiə Nazirliyi ilə şirkətlər arasında müqavilə 2011-ci ildə imzalanıb. Müqaviləyə əsasən şirkətlər silahlı qüvvələr üçün iki təyinatlı kəşfiyyat və silahlı PUA-lar istehsal edəcək. Layihənin smeta dəyəri 3 milyard rubl dəyərində qiymətləndirilir. İlk məlumatlara görə, silahlı PUA-nın çəkisi 5 ton olacaq.

Rusiya Hərbi Hava Qüvvələrinin komandanı Aleksandr Zelinin sözlərinə görə, PUA-nın 2020-ci ildə silahlanmaya verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda ABŞ Əfqanıstanda və Pakistanda keçirdiyi hərbi əməliyyatlarda MQ-1 Predator, MQ-9 Reaper və MQ-1C Grey Eagle adlı silahlı PUA-lardan istifadə edir.

KATEQORIYA:
Bu xəbəri paylaş