Silahlı Qüvvələrdə ən yaxşı tabor-divizion komandirləri seçilib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, yarışlar çərçivəsində Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən “Qaraheybət” və digər təlim mərkəzlərində, poliqonlarında “Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.

Dekabrın 20-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov qalibləri təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Qeyd edilib ki, keçirilən irimiqyaslı taktiki təlimlər, komanda-qərargah hərbi oyunları Azərbaycan Ordusunun quruda, dənizdə və havada, istənilən iqlim şəraitində qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə hər an hazır olduğunu göstərir. Müdafiə Nazirliyinin rəhbərliyi göstərilən etimadı əməli fəaliyyəti ilə doğruldur və şəxsi heyətin məsuliyyət hissi daha da artır.

Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrin 2017-ci tədris ili üçün hazırlıq planına müvafiq olaraq Silahlı Qüvvələr, qoşun növləri və xidmətlər üzrə “Ən yaxşı tabor (divizion) komandiri” adı uğrunda yarışlar yüksək səviyyədə keçirilib. Bu yarışlarda əsasən tabor (divizion) komandirlərinin öz ixtisasları üzrə nəzəri biliklərinin, praktiki bacarıq və vərdişlərinin, fiziki hazırlıqlarının, eləcə də döyüşü idarəetmədə, şəxsi heyətlə işləməkdə səriştə və qabiliyyətinin yoxlanılmasına xüsusi diqqət yetirilib.

Sonra qaliblərin mükafatlandırılması haqqında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin əmri oxunub.

Tədbirdə bildirilib ki, hazırlıq məşqləri zamanı komandirlərin taktiki, atəş, fiziki hazırlığı və döyüş maşınlarının idarə edilməsi üzrə nəzəri bilikləri, eləcə də praktiki vərdişləri yoxlanılıb. Eyni zamanda, zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələrinin idarəetmə bacarıqları da qiymətləndirilib. Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar. Yarışların nəticələri obyektiv qiymətləndirilərək qaliblər müəyyən edilib.

Diqqətə çatdırılıb ki, yarışlar bir neçə istiqamət üzrə – motoatıcı, tank, kəşfiyyat, mühəndis tabor, xüsusi təyinatlı, rabitə və maddi-texniki təminat taborları, raket, artilleriya, zenit-raket, gəmi divizionları və eskadrilya komandirləri arasında keçirilib.

Sonda qaliblərə mükafatlar təqdim edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş