Silahlı Qüvvələrə Yardım Fonduna 86 milyon manatdan çox vəsait yığılıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna noyabrın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna 1 noyabr 2017-ci il tarixədək 86 097 065,62  AZN, 212 873,88 ABŞ dolları, 8636 avro və 5000 rubl vəsait daxil olub.

Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 857 810,89 AZN artıb, digər valyuta hesablarında isə dəyişiklik olmayıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş