Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 642 996 manat artıb

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi son bir ayda 642 996 manat artıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyi Fondun may ayında daxilolmaları barədə informasiyanı açıqlayıb.

Məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2018-ci il tarixədək  90 425 728,04 AZN, 213 577,88 ABŞ dolları, 11 036 avro və 5000 rubl vəsait daxil olub.

Silahlı Qüvvələrin Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 642 996,7  AZN, dollar hesabındakı vəsait 4 ABŞ dolları, avro hesabındakı vəsait 300 avro artıb, rubl hesabında isə dəyişiklik olmayıb.

Yardım Fonduna 2018-ci ilin yanvar ayının 1-dən aprel ayının 1-nə qədər 2 416 757 86 AZN, 704 ABŞ dolları, 1.500 avro vəsait, 5000 rubl daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş