Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 720 min manata yaxın artıb

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi son bir ayda 719 943 manat artıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyi Fondun fevral ayında daxilolmaları barədə informasiyanı açıqlayıb.

Məlumatda qeyd olunub ki, Silahlı Qüvvələrə Yardım Fonduna 1 mart 2018-ci il tarixədək 89.031.572,82 AZN, 213.073,88 ABŞ dolları, 10436,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Yardım Fondunun manat hesabındakı vəsaitin həcmi son bir ayda 719 943 AZN,  avro hesabındakı vəsait 300 avro artıb. Digər xarici valyutalarda olan hesablarda isə hər hansı dəyişiklik baş verməyib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş