Silahlı Qüvvələrimiz “Beynəlxalq Ordu Oyunları – 2016″da iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarında iştirak edəcək.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 30-dan avqustun 13-dək Rusiyada “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının keçirilməsi planlaşdırılır.

Yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku – 2016” və “Tank biatlonu – 2016” müsabiqələrində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku – 2016” beynəlxalq yarışında Azərbaycanı təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin (HDQ) 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.

“Xəzər Dənizi – 2016” yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcək.

“AzeriDefence”nin beynəlxalq oyunların rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarında 3 istiqamət üzrə iştirak edəcək. Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin qatılacağı istiqamətlər bunlardır – tank biatlonu, aviadarts və dəniz kuboku. Tank biatlonunda Azərbaycan hərbçiləri 16 ölkənin, o cümlədən Ermənistan ordusunun tankçıları ilə mübarizə aparmalı olacaqlar. Ermənistan bunadək iki dəfə tank biatlonunda iştirak edib. Beynəlxalq idman oyunlarında Azərbaycan, Anqola, Ermənistan, Belarus, Venesuela, Yunanıstan, Misir, Zimbabve, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Küveyt, Monqolustan, Nikaraqua, Pakistan, Serbiya və Tacikistan iştirak edəcəklər.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan 2015-ci ildə “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarında dəniz kubokunda iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş