Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yaranmasından 25 il ötür

Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının yaranmasının 25-ci ildönümü qeyd olunub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliynin mətbuat xidmətindən məlumat verilib.

Hospitalın yaranma tarixindən, keçdiyi uğurlu və şərəfli inkişaf yolundan danışan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev Azərbaycanın ilk hərbi səhiyyə ocağının inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin misilsiz xidmətlərinin olduğunu deyib.

Tibbi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov onları yubiley münasibətilə təbrik edib. Müdafiə naziri ötən ilin aprel ayında cəbhə xəttində baş vermiş döyüşləri, o cümlədən Ermənistanın daim vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlar törətməsini xatırladaraq hərbi tibb mütəxəssislərinin peşəkarlıqlarını artırmalarını, dərin biliklərə və geniş təcrübəyə malik olmalarını xüsusi qeyd edib.

Nazir Silahlı Qüvvələrin tibb heyətinə uğurlar diləyərək hərbi tibb müəssisələrinə müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərilməsinə dair tapşırıqlar verib.

Sonra səhiyyə sahəsində göstərdikləri xüsusi xidmətlərə görə müdafiə nazirinin əmri ilə şəxsi heyətin bir qrupu təltif olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş