Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi keçirilib – FOTO/VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin iyunun 19-da başlayan genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Müasir ümumqoşun əməliyyatlarının tələblərinə riayət edilməklə, mürəkkəb relyef şəraitində və şərti düşmənin ehtimal olunan fəaliyyəti nəzərə alınmaqla qoşunların, eləcə də idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müasir avadanlıqlarla təchiz edilmiş müxtəlif poliqonlar və təlim sahələrində döyüş atışları, bölmələrin və atəşin manevrləri icra olunub.

Qeyd edək ki, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş