SIPRI dünya ölkələrinin silah idxal və ixracı barədə reytinqini açıqlayıb

SIPRI dünya ölkələrinin silah idxal və ixracı barədə reytinqini açıqlayıb

Son 5 ildə (2015–2019) beynəlxalq silah bazarında satışların həcmi 2010–2014-cü illərlə müqayisədə 5,5% artıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) açıqladığı yeni hesabatda bildirilib.

Son beş ildə dünyanın ən böyük silah ixracatçıları ABŞ, Rusiya, Fransa, Almaniya və Çin olub. Əsas silah idxalçıları Səudiyyə Ərəbistanı olmaqla Yaxın Şərq regionu dövlətləri olub.

Hesabat dövründə ABŞ silah ixracını 23% artıraraq, ümumi qlobal silah ixracındakı payını 36%-ə yüksəldib. ABŞ-ın ümumi silah ixracatı Rusiyaya nisbətən 76% çox olub. Son beş ildə ABŞ-ın silah ixracının yarısı Yaxın Şərqə və Səudiyyə Ərəbistanına olub.

Fransanın silah ixracatı son 30 ildə ən yüksək səviyyəyə çatıb və ümumi qlobal silah ixracının 7.9%-ini təşkil edib. Fransa silah sənayesi əsasən Misir, Qətər və Hindistandan bəhrələnib.

SIPRI-nin araşdırmalarına görə, 2015-2019-cu illərdə Rusiyanın silah ixracatında 18% azalma baş verib. Azalmanın səbəbi Rusiyanın Hindistan bazarını getdikcə itirməsidir.

Yaxın Şərq silah alımında əsas yeri tutub

SIPRI-nin hesablamalarına görə, Yaxın Şərq ölkələri tərəfindən silah idxalı son 5 ildə 61% artaraq qlobal silah idxalının 35%-ni təşkil edib. Səudiyyə Ərəbistanı 2015-19-19-cu illərdə dünyanın ən böyük silah idxalçısı olub və Ər-Riyad silah idxalını əvvəlki beşillik dövrlə müqayisədə 130% artırıb. Səudiyyə Ərəbistanının silah idxalının 73%-i ABŞ-dan, 13%-i İngiltərədən olub.

Hindistan son 5 ildə dünyada ikinci, Pakistan isə 11-ci ən böyük silah idxalçısı olub. Son 5 ildə Yəmən və Liviyada hərbi əməliyyatlarda iştirak edən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2015–2019-cu illərdə dünyada səkkizinci ən böyük silah idxalçısı olub. Bu dövrdə BƏƏ-nin silah idxalının üçdə ikisi ABŞ-dan tədarük edilib.

Qeyd olunan dövrdə Türkiyə ölkə daxilində və xaricdə (Suriya və Liviyada) hərbi əməliyyatlarda iştirak etməsinə baxmayaraq, silah idxalını 48% azaldıb. SIPRI mütəxəssislərinin fikrincə, idxalın bu azalması bəzi böyük silahların tədarükünün gecikməsi, ABŞ-ın döyüş təyyarələri ilə bağlı böyük bir müqavilənin ləğvi və Türkiyə silah sənayesinin inkişafı ilə izah edilə bilər.

 

KATEQORIYA:
Bu xəbəri paylaş