SIPRI: Ötən il dünya ölkələrinin hərbi xərcləri 1.9 trilyon dollar təşkil edib

SIPRI: Ötən il dünya ölkələrinin hərbi xərcləri 1.9 trilyon dollar təşkil edib

2019-cu ildə ümumi qlobal hərbi xərclər 1 trilyon 917 milyard dollara yüksəlib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırma İnstitutunun (SIPRI) aprelin 27-də açıqladığı illik hesabatında bildirilib.

Ötən il dünya üzrə hərbi xərclərdə 2018-ci ilə nisbətən 3,6% artım baş verib ki, bu da 2010-cu ildən bəri xərclərin qeydə alınmış ən böyük illik artımı hesab olunur.

Xərclərin 62%-i ABŞ, Çin, Hindistan, Rusiya və Səudiyyə Ərəbistanının payına düşüb.

2019-cu ildə qlobal hərbi xərclər adambaşına təxminən 249 dollar təşkil edən qlobal ümumi daxili məhsulun (ÜDM) 2,2%-ni təşkil edib.

ABŞ-ın hərbi xərcləri 2019-cu ildə 5.3% artaraq cəmi 732 milyard dollara çatıb və qlobal hərbi xərclərin 38%-ni təşkil edib.

Ötən il Çin və Hindistan, müvafiq olaraq, dünyanın ikinci və üçüncü ən böyük hərbi xərcləyicisi olub. 2019-cu ildə Çinin hərbi xərcləri əvvəlki illə müqayisədə 5.1% artaraq 261 milyard dollara, Hindistanın hərbi xərcləri isə 6.8% artaraq 71.1 milyard dollara çatıb.

Çin və Hindistanla yanaşı, Yaponiya (47.6 milyard dollar) və Cənubi Koreya (43.9 milyard dollar) Asiya və Okeaniyada ən böyük hərbi xərcə sahib dövlətlər olub.

Avropada isə hərbi xərclərin artımına Almaniya liderlik edib. 2019-cu ildə Almaniyanın hərbi xərcləri 10% artaraq 49.3 milyard dollara çatıb.

NATO-ya üzv 29 ölkənin ümumi hərbi xərcləri 2019-cu ildə 1 trilyon 35 milyard dollar olub.

2019-cu ildə Rusiya hərbi xərclərini 4,5% artıraraq 65.1 milyard dollara çatdırıb.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş