SİSU-dan yeni zirehli yanğınsöndürmə vasitəsi

Finlandiyanın SISU Defence şirkəti yanğın söndürmə və xilasetmə əməliyyatları üçün yeni zirehli SISU 8×8 yanğın söndürmə nəqliyyat vasitəsini təqdim edib. Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.

Yeni nəqliyyat vasitəsinin dizaynının hazırlanmasına 5 il əvvəl başlanıb. Çəkisi 30 ton təşkil edən avtomobilin sahə testlərinə başlanıb və 2013-cü ildən seriyalı istehsalı planlaşdırılır.

Nəqliyyat vasitəsinin konteyneri 10 ton yanğınsöndürücü maddə tutur. Yeni avtomobilin əsas özəlliyi söndürücü üçün uzaqdan idarə sistemi və ekipaj üçün yüksək müdafiə səviyyəsidir. Avtomobilin damında yerləşən video kamera və termal kamera görüntünü kabinə daxilindəki ekrana ötürür. Avtomobilin su topu kabinədən idarə edilə bilir.

SISU Defence şirkəti SISU 8×8 nəqliyyat vasitəsinin kabinəsinin heyəti potensial təhlükəli aerozollardan və kimyəvi qırğın silahlarından müdafiəsini təmin etdiyini bəyan edib. Bundan başqa, maşın minaya qarşı qorumaya və yüksək ballistik müdafiəyə malikdir.

KATEQORIYA:
Bu xəbəri paylaş