Siyəzəndə məişət tullantıları ərazisində mina və partlamamış hərbi sursatlar aşkarlanıb – FOTOLAR

Mayın 29-da Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinindən Siyəzən rayonunda məişət tullantıları ərazisində 3 ədəd minanın aşkar olunması barədə məlumat daxil olub.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Əməliyyat tətbirləri nəticəsində təlim məqsədli 3 ədəd tank əleyhinə mina (TM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (MVÇ-62), 5 ədəd əl qumbarası (2 ədəd F-1 və 3 ədəd RQD-5), 4 ədəd əl qumbarasının partladıcısı (UZRQM) və 95 ədəd 7.62 mm-lik güllə aşkar edilərək götürülüb.

Təlim məqsədli minalar və digər hərbi sursatların aşkar olunduğu 3 000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş