“Solo Türk” Bakı səmasında uçacaq – VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” təyyarəsi Bakı səmasında akrobatik uçuşlar həyata keçirəcək.

Bu barədə “AzeriDefence” “Solo Türk”ün saytına istinadən məlumat verib. “Solo Türk”ün 2018-ci il üçün təsdiq olunmuş proqramına əsasən, təyyarə və uçuş heyəti nümayiş uçuşu üçün may ayının 27-də Azərbaycana gələcək.

“Solo Türk” təyyarəsi mayın 28-də Qafqaz İslam Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunacaq tədbirdə Bakı səmasında nümunəvi uçuşlar reallaşdıracaq. Bundan əvvəl, 23-26 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək KADEX-2018 beynəlxalq müdafiə sərgisi çərçivəsində “Solo Türk” təyyarəsinin nümunəvi uçuşlarının keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci il sentyabrın 13-də “Solo Türk”ün Azərbaycana səfəri planlaşdırılmışdı. Lakin Türkiyədə terrorla mübarizə və əsgərlərin şəhid olması ilə bağlı yaşanan olaylar səbəbindən səfər təxirə salınmışdı.

Qeyd edək ki, “Solo Türk” Türkiyə Hərbi Hava Qüvvələrinin sahib olduğu modern və yüksək performanslı F-16 təyyarəsinin qabiliyyətlərini və türk pilotlarının bu təyyarədəki bacarıqlarını anlatmaq üçün yaradılıb. Nümayiş uçuşlları tək pilotlu F-16 C Blok-40 təyyarəsi ilə icra olunur. Uçuşlar zamanı təyyarənin hər iki qanad ucuna taxılan tüstü avadanlığı vasitəsi ilə havada ağ rəngli tüstü izi buraxılır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş