Son bir həftədə ANAMA-ya Tovuz və Qazaxdan 27 çağırış daxil olub

Son bir həftədə ANAMA-ya Tovuz və Qazaxdan 27 çağırış daxil olub

İyul ayının 15-dən 22-dək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tovuz və Qazax rayonları ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmilərin həyətyanı sahələrə, otlaq və əkin sahəsinə düşməsi barədə 27 çağırış daxil olub.

ANAMA-nın mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, müraciətlərdən 23-ü Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, 3-ü Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən, 1-i isə Dövlət Sərhəd Xidmətindən daxil olub.

Çağırışlar əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu tərəfindən Tovuz rayonunun Dondar Quşçu, Ağdam, Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Vahidli və Hacallı kəndləri, həmçinin Qazax rayonunun Xanlıqlar kəndi ərazisində Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı zamanı 16 ev və həyətyanı sahəyə, 4 əkin sahəsinə və 3 otlaq sahəsinə (cəmi: 31 ərazi) baxış keçirilib.

Aparılmış təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 2 ədəd 122 mm-lik top mərmisi (OF-56-1), 1 ədəd RQM-2 partladıcısının gücləndiricisi, 1 ədəd 9M33 raketinin döyüş başlığı və təzyiq üçün hava akkumulyatoru, 18 ədəd partlamış top və minaatan mərmilərinin qalıqları aşkarlanıb.

Cari ilin 22 iyul tarixində Dondar Quşçu kəndi ərazisində aşkar olunmuş 122 mm-lik top mərmisinin (OF-56-1) partladıcısı üzərində olduğuna görə, 23 iyul tarixində yerində partlayış yolu ilə zərərsizləşdirilib. Digər partlamamış hərbi sursatlar isə götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qeyd olunan atəş nöqtələrinin ətrafında 2 835 kv.m əraziyə yerüstü, 217 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş