Sərhəd Qoşunlarının komandanı: “Azərbaycanın iqtisadi inkişafı ordu quruculuğunun bütün sahələrinə böyük təkan verir”

Yaxın vaxtlarda Azərbaycan Dövlət Sərhəd Xidmətində (DSX) yeni qarnizonların, bazaların, zastavaların, sərhəd komendantlıqlarının, xüsusi hərbi hissələrin, aerobazaların açılışları olacaq. “AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev bildirib.

“Görəcəksiniz ki, Ali Baş Komandan “Hərbi qüdrətimiz artır” deyəndə nəyi nəzərdə tutur. Azərbaycanın iqtisadi inkişafı ordu quruculuğunun bütün sahələrinə böyük təkan verir”, – deyə general vurğulayıb.

DSX-da inkişafın davam etdiyini deyən E. Quliyev bildirib ki, burada təkcə söhbət tikinti-quruculuq işlərindən getmir. Paralel olaraq ən müsir avadanlıqlar, silah və hərbi texnika alınır və dövlət sərhədlərinin mühafizəsində tətbiqi həyata keçirilir. Eyni zamanda, zabitlərin mənzil şəraitinin yaxşılaşdırılması, onların xidməti mənzillərlə təmin olunması prosesi davam etdirilir: “Qısa zaman kəsiyində mindən çox zabitimiz xidmətı mənzillə təmin olunub. Bu Ali Baş Komandanın Sərhəd Qoşunlarına diqqət və qayğısının nəticəsidir”.

Dövlət sərhədinin mühafizəsi və bu sahədə qarşıya çıxan problemlərdən danışan E. Quliyev son altı ayda dövlət sərhədində daha çox sərhədpozma hallarının İran istiqamətində baş verdiyini vurğulayıb: «Onu da qeyd etmək istərdim ki, son vaxtlar qeyd olunan istiqamətdə sərhəd pozulmalarında azalma tendensiyası da müşahidə olunur. Bu yaxınlarda Xəzər dənizində İran istiqamətində əməliyyat keçirildi. Alınmış müasir avadanlıqlar sayəsində sərhəd pozucuları aşkarlandı. Sərhədçi zabitlər şücaət göstərərək dənizdə sərrast atəşlə həmin qayığı saxlayıb və əməliyyat tədbirlərini uğurla sona çatdırıb. Demək istərdim ki, daha bir əməliyyat üç gün əvvəl Dövlət Gömrük Komitəsi ilə birgə keçirilib. Yaxın günlərdə həmin əməliyyatın detalları ictimaiyyətə açıqlanacaq. Yenə dövlət sərhədini pozaraq, İrandan Azərbaycan keçən üç nəfər saxlanılıb. Hazırda zəruri istintaq tədbirləri aparılır”.

E. Quliyev deyib ki, digər istiqamətlərdə də sərhəd pozma halları olur. Amma bunlar davamlı baş vermir və yüksək narahatçılıq doğurmur: “Buna baxmayaraq, dövlət sərhədinin bütün istiqamətlərində zəruri işlər görülür ki, sərhədin mühafizəsi yüksək səviyyədə təmin olunsun”.

KATEQORIYA:
Bu xəbəri paylaş