SSM və “Kale Havacılık” turbojet motorların hazırlanmasına dair müqavilə imzaladı

Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) və “Kale Havacılık” şirkəti arasında yerli turbojet motorların hazırlanmasına dair müqavilə imzalanıb. “AzeriDefence”nin Türkiyə müxbirinin verdiyi məlumata görə, bununla bağlı keçirilən tədbirdə qeyd olunub ki, “Kale Havacılık” tərəfindən tam yerli imkanlar hesabına hazırlanacaq turbojet motorlar idarə olunan raketlər və pilotsuz uçuş aparatları daxil olmaqla müxtəlif sistemlərdə istifadə olunacaq. Beş mərhələdə həyata keçiriləcək layihənin müddəti 48 aydır.

“Kale Qrup”unun texnik bölməsinin rəhbəri Osman Okyay bildirib ki, turbojet motorların idarə olunan raketlərlə yanaşı kiçik modifikasiyalı PUA-larda və kiçik sinfli hava vasitələrində də istifadə olunması nəzərdə tutulur. Layihədə 47 mühəndis və 10 texnik çalışacaq. Bu layihədə İstanbul Texnik Üniversiteti və TUBITAK ile birlikdə çalışmalar reallaşdırılacaq. Layihə üzrə 15 ədəd alt sistem testi, 11 ədəd sistem testi olmaqla ümumilikdə 26 ədəd geniş əhatəli test keçiriləcək.

Tədbirdə çıxış edən müdafiə sənayesi katibi Murad Bayar isə həyata keçiriləcək layihənin texnoloji baxımdan çox çətin bir layihə olduğunu söyləyib: “Miqyasına görə bu çox böyük layihə olmaya bilər. Ancaq bu bizim önəm verdiyimiz bir proyektdir”.

KATEQORIYA:
Bu xəbəri paylaş