STM “Defense News Top 100” siyahısında yer alıb

STM “Defense News Top 100” siyahısında yer alıb

Türkiyənin STM şirkəti ABŞ-ın “Defence News” jurnalının dərc etdiyi dünyanın ən yaxşı 100 müdafiə sənayesi şirkəti (Defense News Top 100) siyahısında 92-ci pillədə qərarlaşıb.

Bu barədə Azeri Defence saytına STM şirkətindən məlumat verilib.

Məlumatda bildirilib ki, STM şirkəti üç ildir ki, dünyanın ən nüfuzlu müdafiə sənayesi şirkətlərini özündə cəmləşdirən “Defense News Top 100” siyahısına daxil olmaqla qlobal müdafiə sənayesində Türkiyəni təmsil edir.

Müdafiə sənayesi sektorunda dəniz platformaları, avtonom pilotsuz uçuş sistemləri və kiber təhlükəsizlik həlləri ilə önə çıxan STM şirkətinin illik dövriyyəsi 485 milyon ABŞ dolları təşkil edir.

Dəniz gəmilərinin dizaynı, modernləşdirilməsi və inşasındakı qabiliyyətləri ilə diqqət çəkən STM, yerli iştirak nisbəti yüzdə 70 olan ilk dörd gəmini də Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Şirkət eyni zamanda Türkiyənin TCG “Üfüq” sinifli ilk kəşfiyyat gəmisinin əsas podratçısıdır və Türk Hərbi Dəniz Qüvvələrinin sualtı modernləşdirmə və inşaat layihələrində də mühüm rol oynayır.

STM öz imkanlarını və xidmətlərini dost və qardaş ölkələrə ixrac edir və bu yaxınlarda Türkiyənin müdafiə sənayesinin ən böyük dəniz gəmi ixracatı layihələrindən birini həyata keçirib. Habelə Pakistanın “Agosta 90B” sualtı qayıqlarının modernləşdirilməsinin əsas podratçısıdır.

STM tərəfindən hazırlanmış KARGU mini pilotsuz uçuş aparatları (PUA) Türkiyə Silahlı Qüvvələri tərəfindən beynəlxalq əməliyyatlar da daxil olmaqla sərhəd təhlükəsizliyində səmərəli istifadə olunur. STM eyni zamanda, PUA platformalarının GPS-dən müstəqil işləməsinə imkan verəcək Kərkəs Layihəsinin əsas podratçısıdır. Bundan başqa STM “Cyber Fusion Center” ilə kiber kəşfiyyatı xidmətləri təqdim edir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş