STM şirkətinin direktoru Rəcəb Barut: “İmkan və qabiliyyətlərimizi qardaş Azərbaycana da təqdim edə bilərik”

Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən olan STM – Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş. baş direktoru Rəcəb Barutun AZERİ DEFENCE jurnalına müsahibəsi- Rəcəb bəy, müsahibəmizə başlarkən öncə STM şirkətinin imkan və qabiliyyətləri barədə məlumat vermənizi istərdik. STM-in Türkiyə müdafiə sənayesində bu gün tutduğu mövqe barədə nələri söyləyə bilərsiniz?

– Bildirmək istərdim ki, STM firması 1991-ci ildə Türkiyə müdafiə sənayesinin ehtiyacı olan müşavirlik, mühəndislik, logistik xidmət dəstəyinin verilməsi üçün qurulub. 21 illik tarixi boyunca STM bir çox tarixi layihələrdə müşavir, yaradıcı və alt yüklənici olaraq çalışdı. Bu gün firmamızda 500-ə yaxın işçi çalışır ki, onun 94%-i mühəndis və ekspertlərdən ibarətdir. Bizim işlərin böyük bölümünü müşavirlik işləri təşkil edir. STM olaraq 200-ə yaxın layihədə layihənin ilk mərhələləri, texniki sənədlərin hazırlanması, sahədə qəbul və test fəaliyyətləri, uçuş platformaları üçün uçuşa əlverişlilik sertifikasiyaları, analizlər, bəlli sahələrdə prototip fəaliyyətlərində çalışırıq. Bundan əlavə STM-in fəaliyyət istiqamətlərindən biri də proqramlaşdırmadır. On ildən artıqdır müxtəlif hava və yer platformaları üçün vəzifə-dəstək və komanda-nəzarət sistemlərinin proqramlaşmalarını həyata keçiririk. Hazırda üzərində çalışdığımız layihələrdən biri də helikopterin yerüstü vəzifə planlaşdırma və uçuşa dəstək sisteminin qurulmasıdır. Proqramlaşdırma kontekstində C-130 təyyarəsi üçün hərəkətli xəritə proqramlaşdırılmasını həyata keçiririk. Milli Tank layihəsində “Altay”ın tank komanda-kontrol sistemi adını verdiyimiz proqramı, “Anka” pilotsuz uçuş aparatı üçün yerüstü vəzifə planlaşdırma proqramını hazırlayırıq. Digər layihələrdə də fəaliyyətlərimiz davam edir.
Şirkətimiz dənizaltı və suüstü gəmi inşası və modernizasiyası sahəsində geniş potensiala malikdir. STM-in yer aldığı və hazırda davam edən dəniz layihələrindən bəziləri barədə bəhs etmək istəyirəm.
Bunlardan birincisi Türkiyə müdafiə sənayesinin ən mühüm proqramlarından biri olan MİLGEM adlandırdığımız korvet sinifli döyüş gəmisidir. Biz bu proqram çərçivəsində “Heybeliada” və “Büyükada” gəmilərinin dizayn xidmətləri, platforma inşası və təchizatı, xidmətlərinin tədarükü kimi məsuliyyətli işləri həyata keçirdik. Bu layihənin dizayn, inşa və sistem inteqrasiyası, performans və təqvim məsuliyyəti Dəniz Qüvvələri Komandanlığı, dizayn və inşa fəaliyyətləri üçün lazımlı sistem, vəsait və xidmətlərin tədarükü Müdafiə Sənayesi Katibliyindədir. MİLGEM layihəsi çərçivəsində üzərimizə götürdüyümüz məsuliyyətləri, zamanında, büdcəyə uyğun, hədəflənən keyfiyyətdə yerinə yetirdik.
MİLGEM-in davamı olan MİLGEM-S layihəsində STM Platforma Dizayn Alt Yüklənicisi təyin olunub. Şirkətimiz MİLGEM-S layihəsində platforma və platforma inteqrasiya dizaynı ilə əlaqədar bütün fəaliyyətlərə məsul olacaq.
Çalışdığımız dəniz layihələrindən ikincisi Yeni Tip Dənizaltı proqramıdır. Gölcük Liman Komandanlığında tikiləcək olan 6 ədəd yeni tip dənizaltı layihəsində STM dizayn fəaliyyətləri, Gölcük Limanında infrastrukturun yenilənməsi, yerli imkanların cəlbi, HDW tərəfindən tədarük edilməyən bütün mal və xidmətlərin tədarükü, ELD fəaliyyətlərinin icrası kimi işləri həyata keçirəcək. STM olaraq hədəfimiz layihə tamamlandığında dənizaltı platformasına və xüsusilə də modernizasiyası sahəsində dizayn, mühəndislik və inteqrasiya texnologiyaları üzrə təcrübə qazanmaqdır.  
Çalışdığımız mühüm layihələrdən üçüncüsü “Ay” Sinifli Dənizaltıların Sistemlərinin Yenilənməsi proqramıdır. Biz bu layihədə əsas podratçı qismində çıxış edirik. Layihə çərçivəsində 2 ədəd “Ay” sinifli dənizaltımızın modernləşdiriləcək sistemlərin tədarükü, montajı, inteqrasiyası, test və qəbul fəaliyyətləri tərəfimizdən icra edilməkdədir.
SMT-in digər layihəsi Dənizdə Nəql və Döyüş Dəstəyi Gəmisidir (DİMDG). Hazırda bu layihə ilk mərhələdədir. Gəminin ilkin dizayn və funksional dizayn işləri həyata keçirilir. STM bu layihədə mühəndislik və dizayn işləri üzrə əsas ağırlığı üzərinə götürüb. Bizim mühüm layihələrimizdən digəri Pakistan Hərbi Dəniz Qüvvələrinin Dənizdə Nəql Tankeridir. Bu müqavilə cari ilin yanvar ayında imzalanıb və bizim üçün olduqca mühümdür.

– Son illərdə STM-in adı beynəlxalq arenada da duyulur.

– Açığını söyləyim ki, biz uzun illər daxili bazar üçün çalışdıq və 2004-cü ildən etibarən xarici bazara çıxmağa başladıq. Öncəliklə Avropa Birliyinin bəzi proqramlarında xarici firmalarla işbirliyi çərçivəsində iştirak etdik. Daha sonra NATO-nun bəlli layihələrində iş ortaqlarımızla birgə komanda-kontrol proqramlaşdırmalarında yer aldıq. Hazırda xarici ölkələrdə davam edən proyektlərimiz var. BƏƏ-də həyata keçirilən ArGe proqramlarına texniki müşavirlik xidməti göstəririk.
Bu ilin əvvəllərində Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Hərbi yanacaq tankeri layihəsini imzaladıq. Bu layihə tək bir müqavilədə Pakistana Türkiyədən həyata keçirilən ən böyük müdafiə ixracıdır. Layihənin ümumi dəyəri 83 milyon dollar təşkil edir. Gəmi 156 metr uzunluğunda olacaq və hər cür hava şəraitində dənizdə qala biləcək. STM bu gəminin dizaynın hazırlayaraq Pakistanın Kəraçi tərsanəsinə verəcək. Eyni zamanda tərsanəyə və gəminin inşaatında çalışacaq heyətə təlimlərin verilməsi də daxil olmaqla dəstək göstərəcək. İşlərə texniki nəzarəti həyata keçirəcək, inşaat işlərinə avadanlıqları çatdıracaq. Düşünürəm ki, bu hər iki tərəfin fayda götürdüyü iş modeli olacaq. Bir sözlə, biz Pakistan tərəfinə sahib olduğumuz biliyi, texnologiyaları təqdim edəcəyik.
Bununla yanaşı bizim İndoneziya, Malayziya, Səudiyyə Ərəbistanı, Qatar, Qazaxıstan və Azərbaycanla təmaslarımız davam edir.

– Ötən il STM-nin ixracatı nə qədər olub?

– 2012-ci ildə ixracatımız ümumi işlərimizin içində 7-10% civarında olub. Toplam dövriyyəmiz 120 milyon dollar olduğundan, bunun 10-12 milyon dollar olduğunu söyləmək olar. Bu böyük rəqəm deyil. Amma müqayisə üçün bildirim ki, 10-12 il əvvəl STM-nin cəmi gəlirləri 10 milyon dollar idi. Bu il Pakistan ilə imzaladığımız müqavilə hesabına ixracatımız da artmış olacaq.

– STM-nin Türkiyə Silahlı Qüvvələri üçün hazırladığı Şaquli Külək Tuneli (DRT) adlı paraşütçü hazırlığı simulyatoru istifadəyə verildiyi gündən böyük marağa səbəb oldu. Bu sistemə Azərbaycanın da maraq göstərdiyi bilinməkdədir. DRT sisteminin özəlliyi nədədir?

– DRT Türkiyə xüsusi təyinatlı qüvvələri üçün hazırlandı və ilk gündən çox maraqlı layihə oldu. İstifadəçinin ehtiyaclarını tam olaraq qarşılayır. Çox güvənilən bir sistemdir və problemsiz istifadə etmək imkanı verir. İstifadəçi də sistemdən istədiyini alır. Hazırda Türkiyə Silahlı Qüvvələrində bir ədəd DRT fəaliyyət göstərir. Bunun davamı olaraq Silahlı Qüvvələr ilə yeni sistemlərin qurulması istiqamətində görüşmələrimiz davam edir.
DRT-yə Misir Silahlı Qüvvələri maraq göstərdi və təkliflərimizi verdik. İordaniya da maraqlanır. Səudiyyə Ərəbistanına da təklif verdik. Keçdiyimiz aylarda Azərbaycan tərəfindən də bu sistemə yönəlmiş bir tələbin olduğu üzə çıxdı. Bununla bağlı görüşlər davam edir. Yaxın zamanlarda təkliflərimizi verəcəyik. İstək olursa, biz bu sistemi Azərbaycanda da inşa edə bilərik. Türkiyədəkinin eynisi də ola bilər, müştərinin tələbinə uyğun dəyişiklik də aparıla bilər.
DRT vasitəsi ilə illərdir sürən təlim proqramı aylara azaldıla bilir. Sadəcə elektrik istifadə etməklə, təyyarə havaya qaldırmadan çox sayda paraşütçüyə istənilən qədər təlim verilir. Həm paraşütçülərin təcrübəsi artır, həm də atlayış zamanı xəsarətlər və itkilər kimi məsələlər minimuma endirilir.
• DRT-nin istifadə sahələrini aşağıdakılar kimi sıralaya bilərik:
• Xüsusi Təyinatlı Qüvvələrə təlimlərin keçirilməsi;
• Hava-desant birliklərinə təlimlərin keçirilməsi;
• Paraşütçülərə ilkin sərbəst enmə təlimlərinin verilməsi;
• Akrobatik paraşütçü qruplarının hazırlanması.
DRT-də ağırlığı 50 kiloqramdan başlayaraq, tam təchizatlı halda 160 kiloqramadək olan paraşütçülər uça bilir. Qeyd edim ki, DRT-nin uçuş sahəsi 4 metr, hündürlüyü 8 metr, hava axınının minimum sürəti təqribən 45 metr/saniyə, maksimum 70 metr/saniyə təşkil edir. Sistem hər birinin gücü 450 kW təşkil edən 4 ədəd mühərriklə təchiz olunub. Dünyadakı ən böyük yerüstü paraşüt hazırlığı simulyatorlarından olan DRT eyni zamanda insanların təhlükəsizliyi üçün ən müasir sistemləri özündə cəmləşdirir.

– Qeyd olunduğu kimi, DRT tip sistemlərin əsas üstünlüklərindən biri təlimlərə çəkilən xərclərin minimuma endirilməsidir. Hesablamalar aparılıbmı, paraşütçünün təyyarədən bir təlim atlayışı və DRT təliminə çəkilən xərclər arasında fərq nə qədərdir?

– Hesablamalar göstərir ki, DRT ilə hazırlıq uçuş atlayışından təqribən 90%-dən ucuz başa gəlir. Təyyarədən paraşütçülərin atlayışları məlum səbəblərdən çox baha başa gəlir. Başqa bir üstünlük odur ki, təyyarədən atlanandan sonra paraşütçünün təlim üçün cəmi bir neçə dəqiqə zamanı olur. Amma DRT içində 5-10 dəqiqə, istənilən qədər uça bilər.
Məlumat verim ki, bizim sistem Türkiyə Silahlı Qüvvələrinin istəyinə uyğun inşa edildi. Yəni Türkiyədə bizim qurduğumuz DRT-də bir nəfər deyil, daha çox sayda paraşütçünü eyni anda öyrətmək mümkündür. Bu sistemdə eyni anda 4 paraşütçü məşq edə bilər. Ən böyük avantajlarından biri də test uçuşları zamanı bütün məlumatlar qeyd edilir. Ötürmə sistemi vasitəsi ilə təlim siniflərinə göndərilir və digər paraşütçülərə izləmək imkanı təmin olunur.

– STM-in üzərində çalışdığı yeni layihələrdən hansılarını göstərə bilərsiniz?

– STM tərəfindən üzərində iş aparılan layihələrdən biri FocusFlite™ Missiya İdarəetmə Sistemidir (FocusFlite™ Mission Management System). Bu uçuş missiyalarının planlaşdırılması, ərazi və təhdidlər barədə xəbərdarlıq üçün nəzərdə tutulan bir sistemdir. Sistem Missiyaların Planlaşdırılması üçün yer Stansiyası (FocusFlite™ GS) və Rəqəmsal Xəritədən (FocusFlite™ AS) meydana gəlir. FocusFlite™ GS sistemi üst səviyyəli komanda-kontrol sistemlərinə inteqrasiya oluna bilir.
Bizim başqa bir yeni layihəmiz isə EFB adlanan Elektron Uçuş Çantasıdır. Bu uçuş əsnasında pilotların ehtiyac duyduğu məlumatları elektronlaşdırmağa imkan verir. Eyni zamanda, təyyarədəki aviyonik sistemlər ilə inteqrasiya olunur. STM tərəfindən AeroTab™ həllinin milli bir EFB məhsulu kimi ortaya çıxarılması, Türkiyənin mülki və hərbi aviasiya sektorunda mobil texnologiyaların tətbiqi ilə bağlı yenilik sayıla bilər. EFB-nin tətbiqi öz növbəsində, hava yolu şirkətlərinin və hərbi aviasiyanın uçuş xərclərini azaltmasına, uçuş müddətində pilotların vaxtdan səmərəli istifadəsinə kömək edəcək. İlk olaraq EFB Türkiyədəki bir mülki aviaşirkətinin təyyarəsinə qurulacaq. İATA razılığını alınandan sonra bunun başqa təyyarələrdə də tətbiqi mümkün olacaq.

– STM-in komanda kontrol sistemləri ilə bağlı fəaliyyətləri barədə nələri söyləyə bilərsiniz?

– Bizim STM olaraq bu sahədə ən böyük fəaliyyətlərimiz 1998- 2003-cü illərədə Baş Qərargahın strateji səviyyədə komanda, kontrol və məlumat sisteminin qurulması oldu. Bununla Baş Qərargaha bağlı bir çox qurumların bir birinə inteqrasiyası təmin edilmiş oldu. Alt yüklənici olaraq başqa firmaların layihələrində də iştirak etdik. ASELSAN-ın ilə birgə topçu otomosyon layihəsində proqramların bir hissəsini hazırladıq. Eləcə də havadan müdafiə komanda kontrol sisteminin alt modullarını yazdıq. NATO-nun havadan müdafiə sisteminin komanda-nəzarət proqramlaşdırması bizim önəmli fəaliyyətlərimizdən biri olaraq göstərilə bilər.

– Müasir dünyada mühəndislik firmalarının əksəriyyətinin ağıllı əsgər proqramlarında yer aldıqlarını, yaxud öz imkanları hesabına belə layihə nümunələri hazırladıqlarını görmək olur. STM-in bu məsələyə baxışı necədir?

– Ağıllı əsgər – və ya bizim Tək ər dediyimiz yeni proyektdir. Özü də bir çox firmanın marağındadır. Biz bir çox yeni texnologiyalardan yararlanaraq müharibə sahəsində əsgərlərin məlumatlılığını öyrənirik. Bu sahədə texnologiyaların hansı şəkildə tətbiqi ilə bağlı araşdırma-yaradılma səviyyəsində çalışmalarımız davam edir. Amma burada yekunlaşmış hər hansı layihəmiz yoxdur. ArGe fəaliyyətlərimiz davam edir.

– Azərbaycanla əməkdaşlığı necə görürsünüz?

– Azərbaycan bizə dost-qardaş ölkədir. Son illərdə Azərbaycanın çox sürətlə dəyişdiyini görürük. İnşallah gələcəkdə birgə fəaliyyətlərimizin olacağını düşünürəm. Bakıda keçirilən ADEX-2014 sərgisinə də qatılmaq niyyətindəyik. Düşünürəm ki, STM olaraq biz Türkiyə Silahlı Qüvvələrinə təqdim etdiyimiz imkan və qabiliyyətlərimizi qardaş Azərbaycana da təqdim edə bilərik.

AZERİ DEFENCE jurnalı №4 (06)

KATEQORIYA:
Bu xəbəri paylaş