Suqovuşan ərazisində D-4 ağ fosfor tərkibli top mərmiləri tapılıb

Suqovuşan ərazisində D-4 ağ fosfor tərkibli top mərmiləri tapılıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan qəsəbəsindəki keçmiş erməni blokpostunun ərazisində 122 millimetrlik D-4 ağ fosfor (P-4) tərkibli top mərmiləri aşkarlanıb.

ANAMA-dan “Azeri Defence”ə verilən məlumata görə, bu, düşmənin Azərbaycana qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş döyüş sursatından istifadə etdiyinə dair növbəti sübutdur.

Xatırladaq ki, işğalçı Ermənistan silahlı qüvvələri Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərini dəfələrlə kobud şəkildə pozaraq, qadağan olunan silahlardan, o cümlədən tərkibində ağ fosfor maddəsi olan mərmilərdən istifadə etməklə dinc əhalini və yaşayış məntəqələrini atəşə tutub.

Tərkibində ağ fosfor maddəsi olan belə mərmilər havada partladıqda fosfor və digər qarışıq maddələr geniş əraziyə yayılır və insanların tənəffüs yollarını, ağciyərlərini sıradan çıxarır. Dəri üzərinə düşdükdə isə onu xüsusi maddələrlə zərərsizləşdirmək mümkündür. Əks halda sümüyə qədər yanıdırır. Bu mərmini xüsusilə mülki əhaliyə qarşı istifadə etmək beynəlxalq hüquqa əsasən qadağan olunub və bununla bağlı müxtəlif beynəlxalq sənədlər var. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib.

Bundan başqa, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə konvensiyaları və əlavə protokollar, “Adi silahların konkret növləri haqqında konvensiyaya” III Protokol (1980) – həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi silahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya var. Həmin sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə, ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silah tətbiq etməklə hücum qadağandır. Ermənistanın bu silahdan istifadə etməsi mülki Azərbaycan əhalisinə qarşı terror, təxribat və mümkün qədər çox qırğın törətmək məqsədi daşıyır.

Xatırladaq ki, sentyabrın 27-dən dekabrın 21-dək olan müddətdə ANAMA tərəfindən ümumilikdə 2217 siqnal (əməliyyat çağırışı) əsasında 1750 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Bu əməliyyatlar nəticəsində Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Xızı, Xocavənd, Oğuz, Qəbələ rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahələrə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, Cənubi Qafqaz boru kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarlarına, meşə massivinə, məktəbə baxış keçirilib.

Ümumilikdə 1376 ədəd partlamamış hərbi sursat (PHS), piyada əleyhinə 4507 ədəd, tank əleyhinə 1344 mina, 1875 ədəd tank əleyhinə minanın partladıcısı, 77 ədəd detonator, 1419 ədəd 9N235 bombacığı, müxtəlif çaplı 20 min 988 patron, 2 qaz qumbarası, 5968 qram qara barıt, hərbi məqsədlər üçün istifadə olunan 27 meteoroloji radiopelenqator və 7 dron zərərsizləşdirilib. Həmçinin 2 ədəd raketin mikrosxemi və 1900 partlamış raket hissələri aşkarlanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş