Təlimlər zamanı silah və texnikaların vurulması imitasiya ediləcək

Təlimlər zamanı silah və texnikaların vurulması imitasiya ediləcək

Rusiyada təlimlər zamanı silah və texnikaların vurulmasını yamsılamaqdan ötrü yeni qurğu hazırlanıb

Rusiya Müdafiə Nazirliyi tezliklə ikitərəfli təlimlər zamanı silah və texnika nümunələrinin məhv edilməsini yamsılayacaq yeni qurğu alacaq.

“Poliqon” xəbər verir ki, “Rostex” Dövlət Korporasiyasının rəsmi saytının məlumatına əsasən yeni layihə “Texnodinamika” holdinqinin “Çapayev adına Çeboksar İstehsalat Birliyi” tərəfindən təqdim edilib.

Yeni qurğu, döyüş reallığı yamsılama sisteminin bir hissəsi olmaqla, təlim döyüş sursatlarını əvəz edəcək və planlaşdırıldığı kimi, məşqlərin aparılması xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Məlumatda bildirilir ki, ikitərəfli təlimlərdə iştirak edən silah və texnika nümunələri çoxfunksiyalı modullara sahib yamsılama qurğuları ilə təchiz ediləcəkdir.

Bu modullar lazer şüasının silah və texnika nümunəsinə dəyməsini aşkar edən xüsusi tüstü patronları və nəzarətçiləri ilə təchiz edilib. Qurğu, hücumları qeyd edir və nümunələrin şərti məğlubiyyətinə siqnal verir. Əgər silah və texnika nümunəsi “zədələnirsə”, ağ tüstü patronu, əgər “məhv edilirsə” qara tüstü patronu işə düşür.

Bildirilir ki, yamsılama qurğusunun yaradılması “rekord vaxtda” baş verib. Yaradılma üçün tapşırıq alındığı andan və on cihazdan ibarət sınaq partiyasının sifarişçiyə çatdırılmasına qədər cəmi yarım il keçib. Hazırda qurğu dövlət sınaqları mərhələsinə qədəm qoymuşdur ki, sınaqların nəticələrinə uyğun olaraq Müdafiə Nazirliyi onun silahlanmaya qəbul edilməsi barədə qərar qəbul edəcəkdir.

Məlumatda o da qeyd olunur ki, silah və texnika nümunələrinin vurulmasını yamsılamaq üçün nəzərdə tutulmuş oxşar qurğular NATO ölkələri və Cənubi Koreya tərəfindən həyata keçirilən təlimlərdə istifadə olunur.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş