Tacikistanın Sərhəd Qoşunları Komandanının müavini Azərbaycana səfərə gəlib – FOTOLAR

Tacikistan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Qoşunları Komandanının müavini polkovnik Odilbek Nosirovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 27-dən Azərbaycanda rəsmi səfərdədir.

“AzeriDefence”nin DSX-nin mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, BMT-nin Cənubi Asiyada Narkotiklər və Cinayətkarlıq üzrə Regional Nümayəndəliyinin dəstəyi ilə “Tacikistan-Əfqanıstan sərhədləri boyunca nəzarətin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi sərhəd nəzarətinin və xidmətin təşkili, qaçaqmalçılıq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Azərbaycanın təcrübəsi ilə tanışlıqdır.

Sentyabr 28-də qonaqlar Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında qəbul edilib. Görüşdə Azərbaycanın sərhəd mühafizə sisteminə və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə dair təqdimatlar keçirilib.

Azərbaycanın dövlət sərhədləri və mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, xidmətin strukturu, əsas vəzifə və tapşırıqları, narkotiklərin daşınması, qeyri-leqal miqrasiya və digər qanunsuz fəaliyyətlərlə mübarizədə sərhəd təhlükəsizliyinin gücləndirilməsi üzrə həyata keçirilən tədbirlər, əldə olunan nailiyyətlər, sərhəd mühafizəsində istifadə olunan texniki vasitələr barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, DSX-nin beynəlxalq əlaqələri, digər ölkələrin aidiyyəti qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətləri və müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülən işlər qonaqların diqqətinə çatdırılıb. Tacikistan nümayəndələri öz növbəsində Sərhəd Qoşunlarının strukturu, vəzifələri və fəaliyyəti, eləcə də Tacikistan-Əfqanıstan sərhədindəki mövcud əməliyyat şəraitini özündə əks etdirən təqdimat nümayiş etdirib.

Səfər müddətində qonaqlar Azərbaycanın cənub sərhədlərinə səfər edib, mövcud vəziyyətlə, narkotiklərin qanunsuz daşınmasının qarşısının alınmasında istifadə olunan texniki avadanlıq və xüsusi texniki vasitələrlə, bu sahədə işin xüsusiyyətləri və üsulları ilə tanış olub, təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti həmçinin Dövlət Sərhəd Xidməti Aparatının struktur bölmələri, DSX Akademiyası, Xüsusi Məktəb, “Sərhədçi” İdman Olimpiya Mərkəzi və bir sıra digər hərbi obyektlərin fəaliyyəti ilə  tanış edilib, o cümlədən qonaqların Bakı şəhərində keçirilən “ADEX-2016” sərgisində iştirakı təşkil olunub.

Səfər çərçivəsində Tacikistan nümayəndələri narkotik vasitələrin qanunsuz daşınmasına qarşı mübarizə üzrə Dövlət Sərhəd Xidmətinin təcrübəsi ilə yaxından tanış olub, bu və digər sahələrdə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

????????????????????????????????????

photo_20161003084150

????????????????????????????????????

KATEQORIYA:
Bu xəbəri paylaş