Tanımadığımız xilaskarlar – QİO xüsusi təyinatlı dəstə komandiri minbaşı Hasan

Tanımadığımız xilaskarlar – QİO xüsusi təyinatlı dəstə komandiri minbaşı Hasan

Qafqaz İslam Ordusunun 46-cı taborunun komandiri minbaşı Hasan bəy. Soyadı, doğum yeri, Azərbaycandan əvvəlki döyüşləri barədə yazılı qaynaqlardan hər hansı məlumat əldə edə bilmədik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının nəşr etdiyi kitablardan göründüyü qədər Müsüslü və Kürdəmir döyüşlərində Hasan bəy xüsusi təyinatlı dəstənin komandiri kimi iştirak edib. Kürdəmir rayonunda Kərar stansiyasının azad edilməsi əməliyyatında şəhid olub.

Minbaşı Hasan bəyin döyüş yolu barədə Azərbaycana Qafqaz İslam Ordusunun tərkibində köməyə göndərilmiş 5-ci Qafqaz piyada diviziyasının qərargah rəisi, polkovnik-leytenant Rüştü Türkerin yazdığı “Birinci Dünya Müharibəsində Bakı yollarında 5-ci Qafqaz diviziyası” kitabında bəzi məlumatlar yer alır.

Minbaşı Hasan bəyin komandiri olduğu 46-cı əlahiddə tabor 1918-ci ilin iyun ayında Kürdəmir istiqamətindəki QİO qüvvələrinin ehtiyatında saxlanmışdır. 5-ci Qafqaz diviziyası komandirinin 5 iyul 1918-ci il tarixli əmri ilə Hasan bəyin əmrinə 46-cı taborla yanaşı 1 pulemyot taqımı, 2 dağ topu və 2-ci süvari alayı verilməklə Hasan bəyin xüsusi təyinatlı dəstəsi (Müfreze) yaradılmış, dəstənin qarşısına Müsüslü dəstəsi ilə birlikdə Kürdəmirin azad edilməsi tapşırığı qoyulmuşdur.

Rüştü Türker yazır:

“6 iyun 1918-ci il tarixində, saat 03:00-da hücum əməliyyatı başlamışdı. Döyüş idarəetmə məntəqəsindən bunları müşahidə etdik: 10-cu Qafqaz alayı qarşısındakı düşmənin üzərinə hücum edərək irəliləməkdəydi. Müsüslü dəstəsi ilə bərabər Kürdəmiri ələ keçirmək üçün pulemyot taqımı ilə birlikdə 1 piyada taboru, 2 dağ topu və əlahiddə süvari alayından ibarət Hasan bəyin dəstəsini Qarasaqqal stansiyasını istiqamətində göndərən 13-cü Qafqaz alayı qarşıdakı düşməni uzaqlaşdırmış və Ağsuya girmək üzərəydi… Hasan bəyin dəstəsi günortadan əvvəl Qaraqoyunluya çatdı və süvariləri Kürdəmir və Ağsu arasında düşmənin teleqraf xətlərini kəsdi. Dəstə 6 iyunda ancaq Qarasaqqal stansiyasına yetişə biləcəyini və 7 iyulda Kürdəmirə qarşı dəqiq hərəkətə başlayacağını bildirdi. Diviziya komandanlığı tərəfindən də bu hərəkət tərzi uyğun görüldü”.

7 iyul tarixində minbaşı Hasan bəyin dəstəsinin əsas hissəsi İbrahimbəyli kəndini azad edir. Dəstənin süvariləri isə Qarasaqqal stansiyasında mövqe tutmuş 150-dək düşmə əsgərinin müqaviməti ilə qarşılaşır. Bir bölük və 1 pulemyot taqımı ilə aparılan döyüş nəticəsində, saat 11:00-da düşmən qüvvələri stansiyadan çıxarılır. Bundan dərhal sonra dəstə Kürdəmir istiqamətində hərəkətə başlayır.

Minbaşı Hasan bəyin dəstəsinin Kürdəmir istiqamətində irəliləməsini dayandırmaq məqsədi ilə bolşevik-daşnak komandanlığı onların qarşısına Kürdəmirdəki ehtiyatından 350-yə yaxın piyada, 100 süvari, 3 pulemyot və 2 topdan ibarət qüvvə göndərir. Hücum dayandırılsa da 7 iyul tarixində, gün ərzində Hasan bəyin dəstəsi düşmənlə şiddətli döyüşləri davam etdirir.

“Düşmən saat 11:30-a yaxın Kürdəmir, Çaylı və Qarasaqqallı kəndi tərəfdən əraziyə göndərilə 5 top, 2 pulemyot və 250-dək piyada və süvaridən ibarət dəstək qüvvə ilə Hasan bəyin dəstəsinin üzərinə hücuma keçdi. Saat 16:30-da düşmənin bu hücumu dayandırıldı. Ancaq Göydəlikdən gələn düşmən qüvvəsi dəstənin sağ cinahını müasirəyə almağa çalışığından sol cinahın da təhlükəyə düşəcəyini anlayan dəstə nizamlı şəkildə geri çəkilərək İbrahimbəyli kəndinə gəldi. Qaranlıq düşənə qədər İbrahimbəyli kəndində müqavimət göstərən Hasan bəyin dəstəsi saat 22:30-da Musabəyli kəndinə çəkildi. Bu döyüşdə düşmən qüvvələrinin 800 piyada və süvari, 7 top, 7 pulemyot olduğu təxmin edilir. Dəstədən 5 əsgər şəhid olmuş, 12 əsgər yaralanmışdır”- R. Türker yazır.

Diviziyanın qərargah rəisinin yuxarıdakı məruzəsindən dəstə komandiri minbaşı Hasan bəyin təcrübəli zabit və onun rəhbərlik etdiyi xüsusi təyinatlı dəstənin şəxsi heyətinin yüksək hazırlıqlı olduğu görünür. Komandanlıq, gün ərzində gərgin döyüşlər aparmasının müqabilində dəstənin minimum itki verməsini bu hazırlığın göstəricisi kimi müsbət dəyərləndirir.

Rüştü Türker 7 iyul tarixində Kürdəmirin azad edilməsi əməliyyatının baş tutmamasını Hasan bəyin xüsusi təyinatlı dəstəsinin və Müsüslü dəstəsinin bir biri ilə rabitəsiz hərəkət etməsindən qaynaqlandığını düşünür.

Hasan bəyin xüsusi təyinatlı dəstəsi 2 gün sonra – iyulun 9-a 13-cü alayla birlikdə Kürdəmirə ikinci hücum əməliyyatına qatılmış və iyulun 7-də azad edilib, sonrada itirilmiş mövqeləri təkrar azad etmişdir.

10 iyul tarixində davam edən döyüşlərdə gecə saatlarında düşmənin Müsüslüdən çıxararaq 13-cü alayın sağ cinahını mühasirəyə almaq üçün göndərdiyi qüvvələr Hasan bəyin komandanlığı altında hərəkət edən 46-cı taboru tərəfindən dayandırılmışdır. Bundan sonra mövqelərini 60-cı taborun bölüklərinə verən 46-cı tabor şiddətli döyüşlər apararaq, 1 dağ topçu taqımı ilə sağ cinahdan – qərbdən Kürdəmir qəsəbəsinə daxil olaraq buradakı “Dikaya diviziya”nın süvari bölükləri ilə birləşmiş, dəstənin tərkibinə daxil olan 2-ci süvari alayı isə Kərar stansiyasına doğru geri çəkilən bolşevik-daşnak qüvvələri ilə döyüşə girmişdir.

Minbaşı Hasan bəyin son döyüşü 13 iyul 1918-ci il tarixində Kürdəmir rayonunun Kərar stansiyası uğrunda olmuşdur.

11 iyul 1918-ci il tarixində axşam saatlarında verilən əmrə əsasən 12 iyul tarixində Həbib bəy Səlimovun rəhbərliyi altında Kərar stansiyasının düşməndən azad edilməsi əməliyyatı başlandı.

İlk hücum uğursuz alındığıdan 12 iyul axşam saatlarında Hasan bəyin komandiri olduğu dəstə bir tabor həcmində qüvvə ilə köməyə göndərilir.

13 iyul tarixində səhər saatlarında başlayan əməliyyat axşam saatlarında uğurla başa çatsa da döyüşdə qəhrəmanlıq göstərən minbaşı Hasan bəy şəhid olur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş