“Tatarıstan” raket gəmisi Bakı sakinlərinin ziyarətinə açıq olacaq

Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Flotiliyasının flaqmanı “Tatarıstan” raket gəmisinin başçılıq etdiyi gəmilər dəstəsi oktyabrın 9-dan 11-dək Bakı portunda olacaq. Bu barədə “AzeriDefence.com” saytı Rusiyanın Azərbaycandakı səfirliyinin saytına istinadən məlumat verib.

Xəzər Flotiliyasının komandanı, kontr-admiral Sergey Alekminskinin rəhbərlik etdiyi gəmilər dəstəsinin səfərində Xəzərdə Rusiya və Azərbaycan dənizçilərinin arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir. Səfər proqramında işgüzar görüşlər, təcrübə mübadiləsi, birgə idman tədbirləri, həmçinin Rusiya dənizçilərinin Bakının görməli yerləri ilə tanışlığı yer alır.

Oktyabrın 10-da “Tatarıstan” gəmisi Bakı şəhərinin sakinlərinin ziyarətinə açılacaq.

Qeyd edək ki, 11661 layihəli “Gepard” sinfli döyüş gəmisi olan “Tatarıstan” gəmisinin çəkisi 1930 ton, uzunluğu 102 metrdir. Hazırda Xəzərdə ən güclü hərbi gəmi hesab olunan “Tatarıstan” raket, zenit-raket və artilleriya silahlarına malikdir. Gəminin əsas silahı 130 kilometrə qədər atış uzaqlığına malik X-35E tipli gəmi əleyhinə qanadlı raketlərə malik “Uran” zərbə kompleksidir. Artilleriya silahlanmasına 76,2 mm-lik AK-176M və 30-mm-lik AK-630M avtomat topları daxildir. Gəminin hava hücumuna qarşı müdafiəsini “Osa-MA” raketləri təmin edir. Bununla yanaşı adıçəkilən gəmidə qayığa qarşı 533 mm-lik torpedalar quraşdırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş