Tayland Çindən VT-4 tankları alır

Çinlə Tayland arasında MBT-3000 adıyla tanınan VT-4 əsas döyüş tankının ixracına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən nəlumat verib.

Müqavilə çərçivəsində MBT-3000 tankının istehsalını həyata keçirən Çinin NORINCO şirkəti Taylanda 28 ədəd tank ixrac edəcək.

Müqaviləyə əlavə olaraq Tayland 2017-ci ildə NORİNCO şirkətinə daha 21 ədəd MBT-3000 tankı sifariş etməyi planlaşdırır.

Tank su soyumalı dizel mühərriki və Ch1000B transmissiyası ilə təchiz olunub.

Tankın maksimal surəti 75 km/saat, gediş ehtiyatı 500 kilometr, döyüş ağırlığı 51 ton təşkil edir. Tankın silahlanmasına 125 mm-lik yivsiz avtomatik top, həmçinin onunla birləşdirilmiş 7,62 mm-lik pulemyot daxildir.

Döyüş komplekti 38 sursatdan ibarətdir. MBT-3000 tankı müxtəlif zirehdeşən sursatlardan, 5000 m məsafədəki hədəflərə tank əleyhinə idarəolunan raketdən atəş aça bilir.

Tankın qülləsinin üzərində 12,7 mm-lik distans idarə etməli pulemyot qurulub. Tankın korpusu və qülləsi qaynaq olunmuş poladdan istehsal edilib. Ön səthdə müdafiəni təmin etmək üçün kompozit materiallardan istifadə olunub.

Tankın özünümüdafiə sistemi qüllə üzərində quraşdırılan 12 qurğulu sistemdən ibarətdir. Bu qurğuya 8×76 mm-lik tüstü qumbarası və 4×76 mm-lik qəlpəli mərmi daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş