Teymur Zahidoğlu yazır: Azərbaycan mətbuatının cəbhə problemləri

Teymur Zahidoğlu yazır: Azərbaycan mətbuatının cəbhə problemləri

İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüş əməliyyatlarının media tərəfindən işıqlandırılması yenə də Azərbaycan Kütləvi İnformasiya Vasitələrinin (KİV) əməkdaşlarının iş prinsiplərində mövcud olan müəyyən çatışmazlıqlarla yadda qaldı. Tanınmış jurnalist Teymur Zahidoğlu Tovuz döyüşlərindən yola çıxaraq Azərbaycan KİV-lərinin cəbhə problemlərindən yazır.

Maddi-texniki vəsaitlərin yoxluğu

Diqqəti çəkən ən əsas məqamlardan biri bu oldu ki, KİV əməkdaşları müharibə şəraitində fəaliyyət göstərmək üçün beynəlxalq standartlardan uzaqdır və döyüş əməliyyatları zonasında səmərəli işləməkdən ötrü bəzi vəsaitlərlə təmin və təchiz edilməyib.

Tovuz rayonunda olan jurnalistlər arasında heç kimin beynəlxalq jurnalist təşkilatları tərəfindən qəbul edilmiş standartlara cavab verən zirehli gödəkçə və dəbilqəsinin olamamasını misal göstərə bilərik. Hansı ki, jurnalistlərin döyüş zonasında təhlükəsiz fəaliyyəti üçün ən vacib şərtlərdən biri kimi onların təhlükəsizliklərinin qorunması əsas götürülür.

Eyni zamanda, təhlükəli ərazilərdə informasiya toplamağa göndərilmiş əməkdaşların foto və videokameralarının texniki göstəriciləri və çəkiliş, səsyazma imkanları adi vaxtlarda istifadə edilən vəsaitlərin texniki imkanlarından heç nə ilə fərqlənmir. Hansı ki, müharibə zonasında jurnalistlərin davranma və təhlükəsizlik qaydalarına görə, media mənsubları ciddi zərurət olmadığı halda, açıq atəş xəttində işləməli deyil, müəyyən təhlükəsiz ərazidə müşahidə və ya çəkiliş aparmalıdır. Bunun üçün onların daha geniş texniki göstəricilərə malik olan vəsaitlərlə təmin edilməsi vacib amildir.

Şəxsi təhlükəsizlik problemləri

Qarabağ müharibəsi başlayandan indiyədək cəbhə və təmas xətlərində, Azərbaycan-Ermənistan dövlət sərhədində fəaliyyət göstərmiş bütün azərbaycanlı jurnalistlərin heç biri şəxsi və ümumi təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməyib.

Belə ki, yuxarıda dediyimiz kimi, təhlükəli ərazilərə səfər edən və yaxud bu yerlərdə daimi çalışan KİV əməkdaşları, məhz, jurnalistlər üçün nəzərdə tutulmuş gülləkeçirməz gödəkçə, yaxalıq və dəbilqədən istifadə etməyib. Zəruri hallarda onlar hərbiçilərə məxsus bu kimi vəsaitlərdən yararlanmaqla çəkilişlər aparır, yaxud da müşahidə üçün ön xəttə çıxırlar. Belə olduğu təqdirdə, üzərində hərbiçilərə aid əlbisə olan jurnalist qarşı tərəfin hədəfinə çevrilir. Çünki istifadə etdiyi hərbi təyinatlı zirehli gödəkcə və dəbilqə uzaqdan müşahidə aparan qarşı tərəfin diqqətini dərhal çəkir və o, düşməni gördüyü an mümkün qədər tez məhv etmək üçün təxirəsalınmaz tədbirlərə əl atan rəqibin nişangahına tuş gəlir. Üzərindəki ləvazimatlara görə, hərbi qulluqçu təsiri bağışlayan meda işçisi elementar səhvin qurbanına çevrilir…

Sığortasızlıq

Ölkədəki KİV-lərin fəaliyyətində ən çox diqqət çəkən çatışmazlıqlardan biri də sel, daşqın, digər təbii fəlakətlər, yanğın, eləcə də döyüş əməliyyatı zonalarına ezam olunan jurnalistlərin sığortalanmamasıdır. Mövcud Azərbaycan qanunvericiklərinə görə, hər hansı şəxs peşə fəaliyyəti ilə əlaqədar olaraq öz həyatını və peşə məsuliyyətini sığortalaya bilməz. Qanunda göstərilir ki, hər hansı sahədə fəaliyyət göstərən peşə sahiblərinin sığortalanması üçün müraciəti yalnız hüquqi şəxslər edə bilər. Deməli, özünün həyat və peşə məsuliyyətini sığortalaya bilməyən jurnalist təmsil etdiyi redaksiya tərəfindən sığortalanmalıdır. Hazırda, Azərbaycanda həyat və peşə fəaliyyəti sığortalanmış jurnalist haqda danışmaq mümkün deyil.

Jurnalistin psixoloji vəziyyəti

Azərbaycanda KİV-lərin böyük əksəriyyəti təhlükəli ərazilərə göndərdiyi əməkdaşlarının psixoloji vəziyyətini nəzərə almır. Baş verən hər hansı ekstermal hadisə bu mövzuda yazan jurnalistin yaradıcılıq ruhuna yaxındırsa və həmin əməkdaşın hadisə yerinə getmək üçün azacıq istəyi varsa, redaksiya onun qaynar bölgəyə yollanmasına etiraz etmir. Əslində isə, ekstermal situasiyalardan yazan jurnalistlərin əsəb-sinir sistemi, psixoloji vəziyyəti və ruh halı daim mütəxəssis nəzarətində saxlanmalıdır.

Tutaq ki, sel, daşqın, yanğın zamanı hadisə yerində çalışan jurnalist özünü pis hiss etməyə bilər. Amma döyüş zonasında tanınmaz hala düşmüş insan bədəni ilə rastlaşan həmin jurnalistin necə reaksiya verəcəyi, təşviş və ya şoka düşüb-düşməyəcəyi məlum deyil. Ümumiyyətlə, cəbhəyə göndərilən əməkdaşın, məhz döyüş əməliyyatı zonasında rast gəlinən müxtəlif mənzərələrə yanaşmasını, ölüm və fiziki iztirablara dözümlülüyü, yaxud dözümsüzlüyü, əsirlərlə davranışlar haqda bilikləri, bu cür faktla rastlaşacağı zaman keçirəcəyi hiss və həyacanı yoxlanmalı, bu kimi hallara onun insani münasibətini, şəxsi iradəsini, peşəkar soyuqqanlılığını mütəxəssislərin  köməyi ilə təyin etmək vacibdir.

Beynəlxalq tələblərdən uzaq yaradıcılıq

Sirr deyil ki, son günlər Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində baş verən döyüş əməliyyatlarından reportaj və xəbər hazırlayan yerli jurnalistlərin materiallarına heç bir beynəlxalq media qurumu istinad etmədi… Maraqlı bir sual meydana çıxır: Niyə?

Döyüş əməliyyatı zonasında fəaliyyət göstərən jurnalistlərin hamısı hadisə yerində vətəndaş kimi yox, KİV əməkdaşı kimi iştirak etdiyini unudur, istehsal etdiyi materiallarda vətəndaşlıq mövqeyi sərgiləyir, şəxsi emosionallığını oxucuya, dinləyiciyə, tamaşaçıya təlqin edir. Hansı ki, dünyaya yayılan Azərbaycan televiziya kanallarında efirə verilən bu tip materiallara rast gələn xarici oxucular, tamaşaçılar həmin süjeti və ya verilişi jurnalistin şəxsi marağı kimi qəbul edir və onun mahiyyətinə varmaqdan vaz keçir. Təbii ki, istənilən halda, konflikt insan psixologiyası üçün həmişə maraqlı məqamdır və adamlar konfliktlər haqda dərin məlumat əldə etməyə maraqlı olurlar. Ancaq azərbaycanlı jurnalistlərin süjet və materiallarında onların şəxsi yanaşmalarının, vətəndaş mövqelərinin önə çıxarılması beynəlxalq aləm üçün konfliktin mahiyyətini kiçildir və şəxsi problem kimi qəbul edilir.

Bir sözlə, azərbaycanlı jurnalistlər mövqe nümayiş etdirməklə müharibə haqda hazırladıqları materialları beynəlxalq sferada müzakirə prizmasına  daşıya bilmirlər… Ona görə də, neytrallıqdan uzaq yerli jurnalistlərin fəaliyyəti beynəlxalq qurumlar üçün ciddi mənbə hesab olunmur.

Hüquqi terminlər… Onların yersiz istifadəsi…

Təbii ki, Azərbaycan vətəndaşı olan azərbaycanlı jurnalist ölkəsinin maraqlarını qorumağı özünə borc bilir. Amma bunu jurnalist kimi yox, daha çox vətəndaş kimi yerinə yetirməyə meyl göstərir. Qarabağ müharibəsinin həlli istiqamətində bir neçə beynəlxalq təşkilat və dövlət vasitəçi kimi iştirak edir. Həmin qurum və ölkələr bitərəf mövqe sərgiləyir, kimin təxribatçı, kimin zərərçəkən olduğunu çox gözəl bilsələr də, məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşırlar. Həmçinin də, həmin ölkələrin vətəndaşları efirdə rastlaşdığı materialın hazırlanmasından asılı olaraq o hadisəni bütöv bir xalqın, yoxsa jurnalistin problemi olduğunu ayırd edə bilmir. Məsələn, jurnalist məcburi köçkün və ya qaçqın, yaxud döyüş gedən rayonun sakinidirsə, hazırladığı xəbərdə mövqe ortaya qoymaqla toxunduğu məsələni tamaşaçısına, oxucusuna həm də özünün şəxsi problemi kimi təqdim etmiş olur.

Jurnalist hadisə yerində material hazırladığı zaman tərəflərdən hansınısa təxribatçı və ya terrorçu adlandırırsa, beynəlxalq media qaydalarını pozmuş olur. Bu vəziyyətdə onun təqdim etdiyi ən mükəmməl informasiya dolu süjet və ya reportaj yerli auditoriya səviyyəsindən o yana çıxmır. Amma o, öz müsahiblərinin dili ilə hadisənin mahiyyətini, necə baş verdiyini beynəlxalq aləmin diqqətinə çatdıra bilər…

Hərbi sirrlə işləmə…

Döyüş əməliyyatları zonasına ezam olunan jurnalist hadisələrin gedişi zamanı, ən mükəmməl məxfiçilik qaydalarının yerinə yetirildiyi ərazilərdə belə bir çox hərbi sirrlərə yiyələnmiş olur. Xəbər istehsalında bu sirrləri ehtiva edən informasiyaları öz materialında işıqlandırırsa, o, artıq jurnalist deyil, özü də bilmədən, tərəflərdən birinin xeyrinə casusluq fəaliyyəti yerinə yetirmiş olur.

Təəssüf ki, Azərbaycan media sferasında hərbi əməliyyatlar, silahlı münaqişə zonalarında işləmək qaydalarını mənimsəyən jurnalist çox azdır və döyüş əməliyyatıarı zamanı onların təcrübəsindən heç cür istifadə olunmur.

Cəbhə zonalarına, təmas xəttinə buraxılan KİV əməkdaşları müəyyən sorğulardan keçirilmir, xüsusi akreditasiya qaydalarında fəaliyyət göstərmirlər. Bu kimi çoxlu fakt sadalamaq olar ki, buna görə də, hətta rəsmi KİV-lərdə istehsal edilən xəbərlər daha çox təşfiş təsiri bağışlayır.

Qanunvericilik

Yerli jurnalistlərin böyük əksəriyyəti, Azərbaycan Respublikasının “Kütləvi İnformasiya Vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “İnformasiya azadlığı haqqında”, eləcə də digər bu kimi qanunvericilik aktlarından, həmçinin beynəlxalq media hüququndan xəbərsiz olur, ona görə də, informasiyanın istehsalı və ixracı zamanı ciddi qanun pozuntularına yol verir, şəxsi peşəkarlıqlarını şübhə altına yönəldir, özlərinin hüquq və azadlıqlarını təhlükəyə atmış olurlar.

Göstərilməyən döyüş əməliyyatları

Əməliyyat zonalarında jurnalistlər fəaliyyət göstərsə də, döyüş kadrlarının tamaşaçılara tədim edilməməsi hadisənin mahiyyətini qaranlıq saxlayır, eyni zamanda, beynəlxalq tamaşaçı üçün heç bir məna kəsb eləmir. Tutaq ki, Tovuz rayonunda artilleriya mərmisindən dağılmış bir evin əhatəsində baş verən döyüş kadrları tamaşaçıya göstərilmirsə, ancaq mərmi düşmüş bina efirdə canlandırılırsa, xarici tamaşaçı bu kadrları ermənilərin əleyhinə xüsusi qaydada hazırlanmış təbliğat materialı kimi qəbul edir… Ancaq kəndin necə və neçə saat atəşə məruz qalması, oradakı insanların həmin dəqiqələrdəki yaşantısı, iztirabı efirdə canlandırılsa, bu, dünya tamaşaçısında Tovuz rayonunda baş verənlərin insanlıq üçün nə qədər ağrılı olduğunu aşılayacaq və onda narahatlıq yaradacaq.

Pərakəndəlik…

Döyüş əməliyyatlarının başladığı vaxtlarda Azərbaycan jurnalistlərinin fəaliyyətində müşahidə olunan əsas çatışmazlıqlardan biri də, hərbidən, müharibə vəziyyətindən yazan KİV əməkdaşlarının vahid qərargah yarada bilməməsidir. Hər kəs pərakəndə şəkildə informasiya toplayır, hazırlanan xəbər və materiallar peşəkar müzakirəyə çıxarılmır, onların beynəlxalq aləm üçün əhəmiyyəti haqda heç kim düşünmür. Operativlik naminə bəzən şaiyələr belə xəbər kimi efirə daşınır, ictimaiyyətdə çaşqınlıq yaradır. Bəzi informasiyaların sonradan təkzib edilməsi, cəmiyyətdə, xüsusilə, sosial şəbəkələrdə təşfişin, çaşqınlığın meydana gəlməsinə, xəbərin konteksdən çıxaraq müxtəlif şaiyələrin yaranmasına gətirib çıxarır.

Eyni zamanda, ərazidə fəaliyyət göstərən jurnalistlərin hərbi əməliyyatlara cəlb edilmiş qurumların mətbuat xidmətləri ilə qarşılıqlı əlaqədə çalışmağa az meylli olması, həmçinin, media əməkdaşlarının hərəkət və fəaliyyətinin rəsmi dairələr tərəfindən həddən çox məhdudlaşdırılması, hazırlanan materialların yayılmasına bəzi qurumların marağı səbəbindən tətbiq edilən qadağalar, həmçinin sosial şəbəkələr üzərindən cəmiyyətə ötürülmüş həqiqi xəbərlərin rəsmi KİV sayəsində təkzibinə cəhd ancaq və ancaq fəsadla nəticələnir.

Burada, bir məqamı xüsusilə qeyd edək ki, hərbi əməliyyatlara cəlb edilmiş qurumların mətbuat xidmətlərinin, bölmə və hissələrinin media ilə sıx işləməməsinin ən əsas səbəblərindən biri döyüş əməliyyatı zonasına göndərilən jurnalistlərin peşəkarlıq səviyyələrinin həddən artıq aşağı olmasıdır…

KATEQORIYA:
Bu xəbəri paylaş