“Tornado-Q” dövlət sınaqlarını yekunlaşdırır

Rusiya “Tornado-Q” yeni reaktiv atəş sisteminin (RAS) dövlət sınaqları may ayının sonuna kimi başa çatdıracaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Sistemin nəzarət atışları Həştərxan yaxınlığındakı Kapustin-Yar poliqonunda keçiriləcək.

Ekspertlərin fikrincə, sınaqlardan müvəffəqiyyətlə keçən yeni sistem yaxın 8 ildə Rusiya ordusunda “Qrad”ları əvəz edəcək.

“Tornado-Q” hər birində 15 reaktiv mərmi yerləşdirilmiş, çıxarılıb-birləşdirilə bilən iki blokdan ibarətdir. Yeni idarə sistemi döyüş sursatlarının bir yaylımda ərazinin üzərində və ya təyin edilmiş hədəfin səthində partlamasını təmin edə bilir. Bu halda bir yaylımla açıq sahədə 5×5 km ərazidə dağıtma qabiliyyəti əldə olunur.

Mütəxəssislərin fikrincə, “Tornado-Q” faktiki olaraq “Qrad” sisteminin müasir variantıdır. 122 mm-lik raketlərdən atəş açacaq yeni RAS “Qrad”la müqayisədə 2,5 dəfə artırılmış atəş uzaqlığına malikdir. Bu da təxminən 90-100 km məsafə deməkdir. Atış uzaqlığı əsasən raketlərin müasirləşdirilməsi hesabına əldə olunub.

“Arms-Expo” portalının məlumatına görə, “Tornado-Q” sistemində raketlərin əvvəlki qabaritləri saxlanılıb. Lakin raketlərin start mühərrikinin yükü dəyişdirilib. Raketinin korpusunda da dəyişiklik edilib. Bundan başqa, yeni raketlərdə uçuşu idarə etmək üçün mikrosxem qurulub. Bununla da raketlər NURS deyil URS (idarə olunan reaktiv mərmilər) sinfinə daxil edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş