TOS-1A odsaçanı üçün termobarik idarə olunmayan reaktiv mərmi hazırlanıb

Rusiyanın Elmi-istehsalat birliyi “Ordu-2017” sərgisində TOS-1A “Solnsepyok” ağır odsaçan sistemi üçün yaradılan termobarik döyüş başlıqlı idarə olunmayan reaktiv mərmini nümayiş etdirir.

“AzeriDefence”nin Rusiyanın “Rostex” Dövlət Şirkətinə istinadən verdiyi xəbərə görə, avqustun 22-də başlayan və həftənin sonuna qədər davam edəcək sərgidə hələlik yeni termobarik qarışıqlı idarə olunmayan reaktiv mərminin xarakteristikası haqqında məlumat verilmir.

Bildirilib ki, TOS-1A sistemi 2001-ci ildə Rusiya Ordusunun silahlanmasına qəbul olunub və indiyədək dünyada analoqu yoxdur. “Solnsepyok” Т-72 tankının bazasında yaradılıb, burada reaktiv mərmilər üçün 24 istiqamətləndirici boru paketli platforma yerləşdirilib.

Sistem, müxtəlif hücum və müdafiə döyüşlərində piyada və tanklar üçün atəş dəstəyinin verilməsi, düşmənin canlı qüvvəsini, açıq və qapalı atəş mövqelərini məhv etmək, həmçinin, yüngül texnika və nəqliyyat vasitələrinin sıradan çıxarılması üçün nəzərdə tutulub.

Sistemin 220 mm-lik idarəolunmayan reaktiv mərmilərinin atış məsafəsi 6 km-ə qədərdir. Mərmilər hədəfin səthinə dəyən zaman raketin başlığında olan maddə partlayıb, alovlanmağa başlayır. Beləliklə, geniş həcmli partlama baş verir. Nəticədə yaranan əsas dağıdıcı amillər – yüksək hərarətli sahə və zərbə dalğası 40 min kvadrartmetrə qədər əraziyə yayılır.

Hazırda TOS-1A sistemi üzərində modernizə işləri aparılır. Əsas dəyişikliklər döyüş sursatları üzərində ediləcək. Atışın dəqiqliyi və daha uzaq məsafəyə çatdırılması nəzərdə tutulur. Bundan başqa təkərli şassidən də istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, 2001-ci ildən Rusiya ordusunun silahlanmasına daxil olan bu sistemin ixracına 2008-ci ildən icazə verilib. Hazırda TOS-1A “Solnsepyok” ağır odsaçan sistemi Rusiya ilə yanaşı Azərbaycan, Ermənistan, Qazaxıstan, İraq və Suriyanın silahlanmasında yer alır.

KATEQORIYA:
Bu xəbəri paylaş