TTM – peşəkar zabitlərin yetişdiyi tədris müəssisəsi – FOTOLAR

Azərbaycan Ordusunun peşəkar milli zabit kadrları və mütəxəssislərlə təmin olunmasında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) özünəməxsus yeri var. Artıq 14 ildir zabit, gizir hazırlığı və təkmilləşdirilməsi sahəsində fəaliyyət göstərən TTM-i bitirən minlərlə zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Azərbaycan Silahlı Qüvvələrinin sıralarında öz xidmətlərini davam etdirməkdədirlər.Bəs TTM-də təhsil-tədris prosesi necə qurulur? Zabitlərimiz orada hansı şərtlərlə, necə təhsil alırlar? AZERİ DEFENCE jurnalı olaraq bu və bizləri maraqlandıran digər suallarla TTM-də olub, gördüklərimizi oxucularımız üçün qələmə almağa çalışdıq.

Beynəlxalq səviyyəli tədris mərkəzi

Təlim vəTədris Mərkəzi Azərbaycan Silahlı Qüvvələri üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə əlavə təhsil proqramlarında kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Mərkəz NATO təhsil sisteminin Azərbaycan Silahlı Qüvvələrinə tətbiq edilməsi istəyi nəzərə alınaraq, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında 2000-ci ilin aprel ayının 5-də imzalanmış protokola əsasən müdafiə nazirinin 20 fevral 2001-ci il tarixli əmri ilə Zabit Təkmilləşdirmə və Gizir Hazırlığı Kursları, həmçinin Ehtiyat Zabit Hazırlığı Kurslarının bazasında yaradılıb. Hərbi kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, təkmilləşdirilməsi, onların daim dəyişən və yeniləşən xidmət şəraitinə uyğunlaşmasının təmin edilməsi TTM-in əsas vəzifələri sırasında yer alır. Burada hava hücumundan müdafiə, artilleriya, maddi-texniki təminatın bütün ixtisasları, kəşfiyyat, rabitə, mühəndis-istehkam, kimya, topoqrafiya, hərbi psixologiya və digər ixtisaslar üzrə kurslar təşkil olunur.Ümumilikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində aşağıda qeyd olunan kurslar fəaliyyət göstərir:
Zabit heyətini təkmilləşdirmə kursu – Silahlı Qüvvələrin təlabatına uyğun, bütün səviyyələrdən və kateqoriyalardan olan zabit heyətinin peşəkarlıq səviyyəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarığı və vərdişlərinin qazanılması məqsədi ilə həyata keçirilən əlavə təhsildir. Kurs müddəti 6 həftə olmaqla tədris ili ərzində 4 dəfə keçirilir.
Zabit ixtisas kursu – Bakalavr təhsil səviyyəsini bitirmiş məzunların ilkin zabit vəzifələrində xidmətə hazırlığının təmin edilməsi məqsədi ilə təşkil olunan bu kursun müddəti 48 həftədir.
Ehtiyat zabit hazırlığı kursu – zabit ehtiyatının yaradılması məqsədi ilə ixtisaslar üzrə zabit kadrlarının hazırlanmasını təmin edir. Kursu müvəffəqiyyətlə bitirənlərə müdafiə nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilir. Kurs müddəti 8 həftə olmaqla tədris ili ərzində 4 dəfə keçirilir.
Xarici dil kursları (ingilis, alman, fransız, fars, erməni) – hərbi qulluqçuların xarici dildə ünsiyyətbacarığı və vərdişlərinin formalaşması məqsədilə keçirilir.
Gizir hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edir. Kursu müvəffəqiyyətlə bitirənlərə “gizir” hərbi rütbəsi verilir. Kurs müddəti 11 həftə olmaqla tədris ili ərzində 4 dəfə keçirilir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının (MAXE) hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisaslar üzrə verilən təhsildir. Kurs müddəti 4 həftə olmaqla tədris ili ərzində 4 dəfə təşkil olunur.
TTM-də kursantların yaşaması və təhsil almaları üçün zəruri olan bütün şərait yaradılıb. Sinif otaqları və laboratoriyalar təhsilin ən müasir səviyyədə təşkili üçün zəruri avadanlıqlara malikdir. Xüsusi texniki ixtisaslar üzrə kompüterləşdirilmiş, silah və hərbi texnikaların simulyatorları ilə təchiz edilmiş sinif otaqları yaradılaraq istifadəyə verilib. Burada tank, özüyeriyən artilleriya, piyada döyüş maşınları, hava hücumundan müdafiə, artilleriya atışı və atışların idarə olunması simulyatorları ilə yanaşı interaktiv atış poliqonu, kitabxana, qapalı idman zalı, konfrans salonu mövcuddur. Ümumiyyətlə, Təlim və Tədris Mərkəzindəki şəraitburada nəinki yerli, hətta beynəlxalq səviyyəli təlim kurslarının təşkilinə imkan verir. Söhbət etdiyimiz zabitlər TTM-də mütəmadi olaraq xarici ölkələrin və beynəlxalq təşkilatların mütəxəssislərinin işirakı ilə kursların təşkil olunduğunu deyirlər. Son olaraq, yaxınlarda TTM-də olan Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli nümayəndə heyəti tərəfindən Mərkəzin imkanları və burada yaradılan şərait yüksək qiymətləndirilib.

Onu da öyrənirik ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişi ilə Mərkəzin maddi-texniki imkanlarının daha da genişləndirilməsi, eləcə də dünyanın qabaqcıl ölkələrində tətbiq edilən müasir tədris vasitələri ilə təchiz olunması nəzərdə tutulur.
Məlumat üçün onu da bildirək ki, ötən ilin sonlarından burada hərbi psixoloqların hazırlanması kursuna da start verilib. Artıq birinci hərbi psixoloq kursunu bitirən zabitlər yerlərdəki hərbi hissələrə göndəriliblər. Müəllimlərinin sözlərinə görə, 6 həftə müddətində keçirilən hərbi psixologiya kurslarına mülki ali təhsil müəssisələrində psixologiya ixtisası üzrə təhsil almış şəxslər könüllülük əsasında seçilir. Kurslarda onlara hərbi psixologiya və hərbi pedoqoqika üzrə təhsil verildikdən sonra hərbi hissələrə göndərilirlər.

Simulyator sinifləri

TTM ilə ümumi tanışlıqdan sonra ayrı-ayrı qoşun ixtisasları üzrə keçirilən tədris prosesi və simulyator sinifləri ilə tanış oluruq. Öyrənirik ki, burada ordumuzun silahlanmasına yeni daxil olmuş T-90S tankları və BMP-3 piyada döyüş maşınları istisna olmaqla, mövcud texnikaların böyük əksəriyyətinin simulyatorları ilə təchiz olunmuş sinif otaqları var. Yaxın dönəmdə adıçəkilən texnikaların simulyatorlarının alınaraq istifadəyə verilməsi də gözlənilir. Bu, elə də ciddi problem yaratmır. T-72 və BMP-2 simulyatorunda məşq edən zabit və gizirlər həm T-90, həm də BMP-3 maşınlarının idarəedilməsini bacarır və praktik olaraq poliqonda həmin texnikaları idarə edirlər.
İlk olaraq tank və zirehli texnika sinifinə baş çəkirik. Burada T-72 tankları, BMP-2 piyada döyüş maşınları, özüyeriyən artilleriya və tank əleyhinə bölmələrin komandir və idarə heyətinin məşqləri keçirilir. Simulyatorun birində adıçəkilən texnikaların idarəedilməsi, onlara qulluq, digərində isə atışların həyata keçirilməsi imitasiya olunur. Orada olduğumuz müddətdə gənc zabitlərin həvəslə simulyatorda müxtəlif tapşırıqları yerinə yetirmələrinin şahidi oluruq. Gənc komandirlər müəllimin onlara verdiyi müxtəlif çalışmaları simulyatorda real mühitə uyğun şəkildə icra edirlər. Digər zalda isə tank əleyhinə idarə olunan raket kompleksinin simulyatorunda atış məşqləri keçirilir.

İxtisası tədris edən müəllimlərin sözlərinə görə, Mərkəzdəki simulyatorlar gənc komandirlərdə texnika haqda ilk təəssüratı formalaşdırır. Onlar psixoloji, nəzəri və praktik hazırlıqdan sonra poliqonda, real döyüş texnikasında verilən çalışmaları yerinə yetirirlər.
TTM-in BMP-2 məşq qurğuları salonundakı birinci zalda simulyatorda kurs iştirakçılarına texnikanın tənzimləyicisinin qoşulması, mərmilərin doldurulması və boşaldılması, tənzimləyici və nişangahın işlənmə qaydası, TƏİR kompleksinin “səfər” vəziyyətindən “döyüş” vəziyyətinə gətirilməsi, silahların və nişangahın normal döyüş vəziyyətinə gətirilməsi, 2A42 topunun sökülüb-yığılması, atış üçün hazırlanmış digər zalda isə bu maşınla hazırlıq, hədəflərin kəşfi, həmçinin yoxlama “atış” çalışmalarının yerinə yetirilməsi həyata keçirilir. Burada eyni zamanda TƏİR simulyatorunda silahın nişanalma qaydası, idarəolunan mərmidən atış qaydaları aşılanır.

Zabit ixtisas kursunda motoatıcı komandirlər üçün simulyatorda, MAXE-lər üçün isə praktik sürücülük kursunun keçirildiyini deyən TTM-ninSilah və texnika hissəsinin baş müəllimi, polkovnik-leytenant Müşfiq Abdullayevin sözlərinə görə, heyət simulyatorlarda ilkin vərdişlərə yiyələnir. Bu tədris vasitələrində heyət istənilən iqlim, relyef və görmə şəraitində texnikanın idarəsini, döyüşdə tətbiqini mənimsəyir, daha sonra poliqonlarda real döyüş texnikaları üzərində biliklərini təkmilləşdirirlər: “Simulyatorların tədrisdə tətbiqi döyüş texnikalarının xidmət müddətinin artımına və tədrisin keyfiyyətinə kömək edir. Əvvəllər, simulyatorlar olmadıqda texnikaların motoehtiyatı tez zamanda sərf olunur, maşınlar tez-tez sıradan çıxırdı. Bu gün TTM-də tətbiq olunan simulyatorlar ordumuzdakı texnikalara tam uyğundur. Simulyatorda təlim keçən şəxsi heyət real texnikanı idarə etməyə həm psixoloji, həm də praktik cəhətdən hazır olur”.

Hava hücumundan müdafiə (HHM) sinifində isə müxtəlif HHM vasitələrinin və radiolokasiya sistemlərinin real ölçülü maketləri və simulyatorları üzərində dərslər keçirilir. Radiotexnika sinifində Azərbaycan da daxil olmaqla, postsovet respublikalarında və bir çox Şərq ölkələrində geniş istifadə olunan R-18 radiolokasiya stansiyasının simulyatoru qurulub. Radarın komanda idarəetmə mərkəzinə bənzəyən bu sinifdə gənc mütəxəssislər adıçəkilən texnikanın incəliklərini öyrənirlər. Radiotexniki qoşunlar ixtisas silsiləsinin müəllimi, mayor Fikrət Fəttahovun sözlərinə görə, sinifdə stansiyanın idarəetmə pultu, anteni, ötürücü və qəbuledici sistemlərinin real bənzəri olan simulyator qurulub. Radarın idarəetmə pultunun simulyatorunda dərs keçən zabitlər nəzəri hissədən sonra simulyatorda praktik olaraq hava məkanına nəzarət, hədəfin təsbiti, sinifləndirilməsi və izlənilməsi kimi müxtəlif tapşırıqları yerinə yetirirlər. Sinifdə hətta simulyator vasitəsi ilə vizual hədəflərin buraxılması təşkil olunub.

TİGES artilleriyaçıları döyüşə hazırlayır

TTM-də diqqətimizi çəkən və ən maraqlı yeniliklərdən biri də raket-artilleriya qoşunlarının tədris sinifi oldu. Buradakı geniş zalda raket-artilleriya bölmələrinin zabitləriTürkiyənin HAVELSAN şirkətinin istehsalı olan TİGES (Topçu İləri Gözətleyici Simülyatoru/ ingiliscə AFOS- Artillery Forward Observer Simulator) simulyatorundan istifadə etməklə öz bilik və bacarıqlarını artırırlar. 2011-ci ildə TTM-də tədris prosesində tətbiqinə başlanmış TİGES zabit heyətinə müxtəlif artilleriya vasitələrinin atəşini idarə etmək bacarığının aşılanmasında mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, simulyator və kompüter bazalı tədris sistemlərinin hazırlanması sahəsində dünyanın aparıcı şirkətlərindən olan HAVELSAN-ın TİGES simulyatoru hazırda Azərbaycanla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Poladlı Artilleriya və Raket Məktəbində, İstanbul Piyada Məktəbində, Pakistan Silahlı Qüvvələrinin Nouşehra Artilleriya və Raket Məktəbində, Gürcüstan Silahlı Qüvvələrinin Hərbi Təlim Mərkəzində və Türkmənistan Quru Qoşunları Məktəbində istifadə olunur.

TTM-in Raket və Artilleriya Qoşunları kafedrasının rəisi, polkovnik Şahin Hüseynov deyir ki, kompüterləşdirilimiş artilleriya sinifimütəxəssislərin peşəkarlığının artırılması üçün geniş imkanlar yaradır. Təkcə TİGES simulyator sinifindəAzərbaycan Silahlı Qüvvələrində mövcud olan bütün artilleriya sistemlərini tətbiq etmək mümkündür. Bundan əlavə, müxtəlif iqlim şəraitində, sutkanın istənilən saatında atışları imitasiya etmək olur: “Bu simulyatorun ən üstün cəhəti isə ondan ibarətdir ki, əvvəllər əraziyə çıxıb praktik döyüş atışları tətbiq olunurdusa, indi mərmi sərf etmədən, əlavə xərc olmadan sinif şəraitində həmin dərsləri keçirik. Bundan əlavə, əvvəllər atış zamanı hədəfin tələfata uğradılmasını biz bir rakursdan görür, onu tam qiymətləndirə bilmirdiksə, indi burada, sinif şəraitində, müxtəlif rakursdan müşahidə edə bilirik. Həmçinin, pilotsuz uçan aparatı (PUA) hədəfin yuxarıdan koordinatını müəyyənləşdirir və tələfat dərəcəsin qiymətləndiririk. Sinifdə çalışmaları reallığa uyğunlaşdırmaq üçün səs effektləri də verilir”.
Kafedra rəisinin sözlərinə görə, TİGES simulyatorunun digər üstün cəhəti ona istənilən ərazi xəritəsini, taktik şəraiti yükləməyin mümkün olmasıdır. Məsələn, zabitlər tapşırığa uyğun olaraq işlənilən ərazinin xəritəsini simulyatora yükləməklə həmin yerdə əməliyyat apara bilərlər: “Bununla təhsil alanın gözü əraziyə öyrənir. Burada nəzəri məşğələlər, praktik sinif dərsləri, yamsılama vasitələrindən atışılar keçirilir. Məqbul atış çalışmaları yerinə yetirildikədən sonra təhsilalanlar praktik atışa çıxır və artilleriya silahlarından real atışlar aparılır”.

Tərəfdaşlığın Təlim və Tədris Mərkəzi

TTM nəzdində yerləşən Tərəfdaşlığın Təlim və Tədris Mərkəzi ötən ilədək Sülh Naminə Tərəfdaşlıq Mərkəzi adı altında fəaliyyət göstərib. 2002-ci ildə yaradılmış bu mərkəz NATO ilə əməkdaşlıq, eləcə də Azərbaycanla digər ölkələr arasında ikitərəfli hərbi əməkdaşlıq proqramları çərçivəsində tədbirlərin təşkili, mütəxəssislərin təkmilləşdirilməsi istiqamətində çalışır. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığı çərçivəsində Azərbaycanda təşkil olunmuş tədbirlərin böyük əksəriyyəti də məhz burada keçirilir. Mərkəzin rəisi polkovnik-leytenant Rövşən Kərimovun sözlərinə görə, cari ildə Mərkəzdə 21, o cümlədən seminar və təhsil xarakterli 16 tədbir keçirilib.
Hazırda Tərəfdaşlığın Təlim və Tədris Mərkəzinin digər ölkələrin SNT mərkəzləri ilə əməkdaşlıq etdiyini deyən R. Kərimovun sözlərinə görə, bu kontekstdə Türkiyənin BİOEM mərkəzi ilə sıx əməkdaşlıq mövcuddur. Tərəfdaşlığın Təlim və Tədris Mərkəzində beynəlxalq təşkilatların ekspertlərinin və xarici mütəxəssislərin iştirakı ilə müxtəlif mövzularda seminarlar, treninqlər təşkil olunur. Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin xaricdə keçirilən kurslara, o cümlədən dil kurslarına göndərilməsi təşkil edilir.
R. Kərimov milli təlimatçıların hazırlanmasının, Mərkəzin gələcəkdə regional əhəmiyyətli bir quruma çevrilməsinin prioritetlər sırasında yer aldığını da vurğulayıb.

AZERİ DEFENCE jurnalı №3 (17)

KATEQORIYA:
Bu xəbəri paylaş