Türk ANKA-ları yerli mühərriklə uçacaq

Murad Bayar: “Türkiyənin yerli müdafiə sənayesinin satınalmalarda payı 54% təşkil edir”

Türkiyə ildə müdafiəyə 10-12 milyard ABŞ dolları dəyərində vəsait yönəldir və bunun 3-4 milyard dolları hər il satınalmalara sərf olunur. “AzeriDefence.com” saytının məlumatına görə, bunu “TRT Haber”ə müsahibəsində Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar bildirib.

M. Bayarın sözlərinə görə, 7-8 il əvvəl yerli müdafiə sənayesinin satınalmalarda payı 20% təşkil etdiyi halda, hazırda bu 54% təşkil edir.

Türkiyənin istifadəsində hazırda İsrail istehsalı olan 10 ədəd Heron tipli PUA-nın olduğunu deyən Bayarın sözlərinə görə, bu aparatlar Hərbi Hava Qüvvələrinin idarəetməsindədir. Adıçəkilən PUA ASELSAN firmasının istehsalı olan kameralarla təchiz edilib.

Bayar TAİ firması tərəfindən istehsal edilən ANKA adlı PUA-dan da danışıb. O bildirib ki, ilk etapda PUA-da Almaniya istehsalı olan mühərrikdən istifadə ediləcək. Növbəti mərhələdə PUA yerli istehsal olan mühərriklə təchiz olunacaq. Hazırda prototip mərhələsində olan ANKA-nın bir ədədinin 8-10 milyon dollara başa gəldiyini deyən M. Bayarın sözlərinə görə, seriyalı istehsala keçəndən sonra xərclər azalacaq.

“ANKA-larda bu günədək 100-dən çox sınaq uçuşu aparılıb. Dörd prototip PUA-mız var. Sınaq uçuşları əsnasında problemlər yaşana bilir. Bir PUA-mız düşdü. Əgər ziyanlar daha kiçik çaplı idi”, – deyə M. Bayar əlavə edib.

İki Türk firmasının ANKA-ya bənzər, lakin kiçik PUA-lar hazırladığını söyləyən müdafiə sənayesi katibi yaxınlarda onlardan birinin təhvil veriləcəyini vurğulayıb. O PUA-lar 300-400 kq çəkiyə malik olacaqlar.

M. Bayar ATAK layihəsindəki son durumu da anladıb. Helikopterin üzərindəki bütün elektron sistem və proqramların Türkiyədə hazırlandığını və ümumilikdə yerli istehsalın bu helikopterdə 50%-dən çox təşkil etdiyini bildirib.

“Döyüş helikopterləri 5 ton yüklə qalxa biləcək. Müxtəlif testlər edilir”, – deyə o vurğulayıb.

Bayar “Kirpi” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrini istehsal edən BMC firmasında yaşanan durumdan da danışıb. Bu günədək 273 ədəd “Kirpi”nin istehsal edilib orduya çatdırıldığını bildirən M. Bayarın sözlərinə görə, baş vermiş 4-5 mina partlayışında maşın heyəti qoruyub. BMC-də yaranmış problemin ticari maşınlarla bağlı olduğunu söyləyən Bayar “Kirpi” layihəsində heç bir maliyyə probleminin olmadığını deyib.

M. Bayar İsraillə Mavi Mərmərə böhranından sonra bəzi layihələrin də ləğv edildiyini açıqlayıb: “Kəşfiyyat katerlərimiz var idi. Bu müqavilə ləğv edildi və pulumuz geri alındı. İsraildə qalan bir vəsaitimiz yoxdur”.

KATEQORIYA:
Bu xəbəri paylaş